EN

İslam dünyasının böyük rəğbəti

Heydər Əliyev Fondu “Həmdan-ICESCO” mükafatının qalibləri sırasında yer alır

Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu ölkəmizin hüdudlarından kənarda da sosial və humanitar məzmunlu layihələr həyata keçirir. Xüsusilə də Fondun İslam dünyasını əhatə edən ölkələrdəki fəaliyyəti geniş əhatə dairəsinə malikdir. Ötən dövrdə Heydər Əliyev Fondu ilə İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı olan ICESCO arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu ICESCO və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının qalibləri sırasında yer alır.

Heydər Əliyev Fondu ilə İCESCO arasında genişlənən əlaqələr

Dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan 1991-ci ildən sıralarında 50-dən çox dövləti birləşdirən ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəlib. Mehriban Əliyeva - təşkilatın bu yüksək adına layiq görülmüş ilk qadın ictimai xadimdir.

Mehriban xanım Əliyeva qurumun xoşməralı səfiri seçildikdən sonra Azərbaycan - ICESCO əlaqələri davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycanın ICESCO ilə münasibətləri İslam dünyasına gözəl bir nümunədir. Bunun nəticəsidir ki, təşkilatın bir sıra mühüm tədbirləri məhz Bakıda keçirilib. Bu sırada “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfransı (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə baş tutan “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forumu (10-11 iyun 2008-ci il), İslam ölkələrinin mədəniyyət və təhsil nazirlərinin konfranslarını, Dünya dini liderlərinin Bakı Sammitini (26-27 aprel 2010-cu il), Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarını və digərlərini xüsusilə qeyd edə bilərik. ICESCO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti özünün geniş spektiri ilə fərqlənir.

Hər bir azərbaycanlı üçün çox əziz şəhər olan Şuşa 2024-cü ildə zəngin İslam mədəniyyətinin qovuşduğu bir məkan kimi diqqət mərkəzində olub. 2023-cü il sentyabrın 25-i və 26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri bu şərəfli ada layiq görülüb. Ötən ilin may ayında şəhərin Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı tədbiri xüsusilə rövnəqləndirib. Festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıblar.

Yeri gəlmişkən, birinci dəfə deyil ki, Azərbaycan şəhəri İslam dünyasının mədəniyyət paytaxtı adını qazanıb. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Həmçinin ICESCO Azərbaycanın uğurlarının beynəlxalq miqyasda təbliğinə xüsusi önəm verir. Təşkilatın aylıq jurnalında Azərbaycanla əlaqələrə həmişə geniş yer ayrılır. Qurumun rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilərək geniş oxucu auditoriyasına çatdırlıb.

Geniş əhatə dairəsinə malik təhsil layihələri

Bəhs olunan mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb. Heydər Əliyev Fondunun qeyd olunan istiqamətlərdə fəaliyyəti həqiqətən çox geniş əhatə dairəsinə malikdir. Fond tərəfindən ölkəmizdə təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə yeni-yeni layihələr reallaşdırılır. Təşəbbüslər isə bir qayda olaraq Fondun prezidenti Mehriban xanım Əliyevadan gəlir. Onun təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində indiyədək paytaxtda və regionlarda yüzlərlə məktəb binası inşa olunub və yaxud yenidən qurulub.

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il çanta və məktəb ləvazimatları hədiyyə edilir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin, Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub.  Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir.

Sivilizasiyalararası dialoqa verilən dəyərli töhfələr

Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən “Təhsil və sosial müdafiə layihəsi”nə görə mükafata layiq görülüb. Məlumdur ki, hazırda dünyada bir sıra hallarda multikulturalizm inkar olunur və bu, çox pis nəticələrə səbəb olur. Belə bir şəraitdə Azərbaycan özünün tarixdən gələn toleranlıq ənənələrinə sadiqlik göstərir və sivilizasiyalararası dialoqun möhkəmlənməsini hədəfləyən təşəbbüslər irəli sürür. Azərbaycan multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana çevrilib. Məhz Azərbaycanın təşəbbüsü əsasında Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət və digər sahələrdə dialoqun əsasını təşkil edən “Bakı prosesi”nə uğurla start verilib.

Gələcək əməkdaşlıq perspektivləri

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Ötən ilin oktyabr ayında Fondun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də ICESCO -nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan- ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

Bütövlükdə, gələcək əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. 2024-cü il 11 may tarixində Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib. Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.

Mübariz ABDULLAYEV

1Sources