Qəbələ, 10 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başa çatıb.
2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən “Qış nağılı” festivalı yenə də də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Fevralın 7-də başlayan və dörd gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 10-da axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.
Festivalın yekun konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim olunub. Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Ansamblın təqdim etdiyi Azərbaycan kinofilmlərinin musiqiləri əsasında popurilər, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Yenilməz batalyon” kinofilmindən mahnı, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər mahnı və rəqslər, əsərlər tamaşaçıların ürəyincə olub.
Beləliklə, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya”, Polşanın “Glassduo” ansambllarının, “Qaytağı” instrumental ansamblının konsertlərini, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə ediblər.