EN

Azərbaycanın qeyri-neft sektoru dünya bazarına inteqrasiya edilir

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı İvaylo İzvorski Azərbaycanın qlobal bazarlara inteqrasiyasının artdığını, enerji məhsulları ilə yanaşı, qeyri-neft məhsullarının həcmini və çeşidlərini artırdığını bildirib. O, qeyd edib ki, Azərbaycan artıq enerji sektoru sayəsində dünya bazarında möhkəm mövqe tutub: “Ölkə tanınmış qlobal oyunçudur, Avropa İttifaqına təbii qaz ixracını artırır, qabaqcıl qazma texnologiyalarına, inkişaf etmiş infrastruktura və güclü emal müəssisələrinə malikdir. Bəs digər sektorları bu səviyyəyə necə çatdırmaq olar? Onların qlobal bazara inteqrasiyasını necə təmin etmək mümkündür? Bu sahələrdə neft-qaz sektoru ilə müqayisə edilə bilən uğura necə nail olunmalıdır? Əminəm ki, bunun açarı dünya iqtisadiyyatında daha fəal iştiraka bağlıdır. Əgər qonşu ölkələrlə inteqrasiya məhduddursa, qlobal bazara çıxış və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir”.

Dünya Bankının region üzrə baş iqtisadçısı hesab edir ki, Azərbaycan hökumətinin iqtisadiyyatı şaxələndirmək planları yaxın müddətdə öz müsbət bəhrələrini daha böyük bazar payı ilə nümayiş etdirə bilər.

Körfəz ölkələrinə ixracın artımı qeydə alınıb

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 3,4 milyard dollar təşkil edib. Bu, əvvəlki ilə nisbətən 100 milyon dollar artım deməkdir. Qeyri-neft ixracının strukturunda meyvə tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər məmulatları, pambıq lifi və ipliyi, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilər, bitki yağları, sement, mis filizləri və konsentratları, elektrik enerjisi, etilen, polipropilen və digər məhsullar əsas yer tutur.

Azərbaycanın qeyri-neft ixracında Rusiya Federasiyası 1,2 milyard dollarla birinci, Türkiyə 542,3 milyon dollarla ikinci, Gürcüstan 272,4 milyon dollarla üçüncü, İsveçrə 220,4 milyon dollarla dördüncü, ABŞ 134,7 milyon dollarla beşinci olub.

Eləcə də Körfəz ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib.

Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Ənənəvi bazarlardan yeni ixrac coğrafiyasına keçid...

Hazırda ixrac sahibkarlığına ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilir, kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geriödəmə dəstəkləri verilir. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir. Bu təşviqləri artırmaq üçün hazırda əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına görə, bu motivasiyaedici tədbirlərdən biri kimi 2025-ci ildə logistik subsidiya mexanizminin tətbiqinə hazırlıq görülür. Yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılması, gömrük sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üçün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Ən mühüm güzəşt aləti isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznesin xarici bazarlara çıxışında dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, onların ixrac fəaliyyəti üzrə logistik xərclərinin tam şəkildə qarşılanmasıdır. Nəticədə bu addım azad ərazilərdə çalışan biznes subyektlərinin xərclərinin azalmasına və qlobal bazarlara çıxışını xeyli asanlaşdıracaq.

Hədəf 4 milyard dollar...

“Milli ixrac strategiyası”na əsasən, ortamüddətli dövrə dair strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 200 dollardan 450 dollara çatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmaqla həmin hədəfə çatmaq mümkündür. Həmin hədəflərə çatmaq üçün yeni sənəd- “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir.

Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını yaxın 2 ildə 4 milyard dollara çatdırmaq planlaşdırılır. Sonrakı illərdə bu rəqəmin 5 milyarda qədər çatdırılması nəzərdə tutulur.

ELBRUS 

1Sources