EN

Paşinyan bu dəfə də Sarkisyana bata bilmədi: Serj Nikolun “cəza maşınından” canını belə qurtardı

Ermənistanın İstintaq Komitəsi üçüncü prezident Serj Sarkisyanın dövründə 42 milyon dollar dəyərində qüsurlu silahların alınması ilə bağlı qaldırılan cinayət işini bağlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, bu silahlarla bağlı Sarkisyana qarşı ilk ictimai ittihamı 2020-ci ilin martında mitinqlərin birində baş nazir Nikol Paşinyan səsləndirib.

O, Sarkisyanın dövründə Ermənistanın 42 milyon dollar dəyərində silah aldığını, lakin onların istifadəyə yararsız və sadəcə “metal qırıntıları” olduğunu bildirib. Daha sonra o, bununla bağlı cinayət işi açıldığını bəyan edib.

İş üzrə təqsirləndirilən şəxs elektron müharibə qoşunlarının keçmiş komandiri, polkovnik Vaan Avetisyan olub.

Erməni mediasının yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 6 illik araşdırmadan sonra işi bağlamaq qərarına gəliblər.

Əvvəlcə məsələ Milli Təhlükəsizlik Xidmətində araşdırılıb, sonra İstintaq Komitəsinə verilib. Əslində, istintaq silahın yararsız olduğunu sübut edə bilməyib.

Xatırladaq ki, hələ 2020-ci ildə baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, üçüncü prezidentin dövründə 42 milyon dollar dəyərində silahlar alınıb. Lakin bu silahların alınmasında müəyyən qüsurlara və maxinasiyalara yol verilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
2
konkret.az

1Sources