EN

Azərbaycan güləş yığmaları Avropa çempionatına ölkə xaricində hazırlaşırlar

Bakı, 11 fevral, AZƏRTAC

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.

Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, Zaqrebdən Poreçə yollanan yığma fevralın 22-dək bu şəhərdə hazırlıq prosesi keçəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 20 güləşçi müxtəlif ölkələrin komandaları ilə birgə təşkil edilən toplanışda iştirak edir. Ancaq reytinq turnirində zədələnərək qulağından əməliyyat olunan Həsrət Cəfərov vətənə qayıdıb. Olimpiya mükafatçısı ən azı 10 gün bərpa prosesi keçməlidir. Yalnız bundan sonra həkimlərin rəyinə əsasən, fərdi məşqlərə başlaya bilər.

Qadın güləşi üzrə komanda Xorvatiyadan Macarıstana yola düşüb. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 10 güləşçi Tatada keçirilən hazırlıq prosesinə cəlb edilib. Fevralın 9-da start götürən toplanış ayın 22-dək davam edəcək.

Sərbəst güləş üzrə milli isə Vladiqafqaza üz tutub. Şimali Osetiyanın paytaxtında keçiriləcək təlim-məşq toplanışı fevralın 26-dək davam edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 24 güləşçi toplanışda yer alır.

Hər üç yığma hazırlıq prosesi əsasən taktiki-texniki çalışmaların üzərində qurulub. Ölkə xaricində keçirilən toplanışlar martın 8-14-də Albaniyada baş tutacaq U-23 Avropa çempionatı və aprelin 7-13-də Slovakiyada təşkil ediləcək böyüklərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Chosen
5
8
azertag.az

10Sources