EN

“Rəqəmsallaşma planlı şəkildə həyata keçirilməlidir”

Texnologiyanın inkişafı hər sahədə olduğu kimi iqtisadiyyata da təsir göstərir. Buna nümunə olaraq, Azərbaycanda və dünyada inkişaf edən rəqəmsal iqtisadiyyatı göstərə bilərik. Ölkəmizdə bu sahə son illərdə inkişaf etməkdədir. Lakin ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün müəyyən çətinliklər də mövcuddur. Ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafını ləngidən səbəblər nələrdir? Bu istiqamətdə mövcud problemlərin həlli üçün nə kimi tədbirlər görülür?

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov Valyuta.az-a bildirdi ki, rəqəmsallaşmanın iqtisadiyyatda effektiv şəkildə tətbiqi bir çox iqtisadi problemlərin həllinə müsbət təsirlər göstərir: “İqtisadi artım baxımından rəqəmsallaşma innovativ yanaşmalar kimi müsbət təsirlərə malik olan prosesdir.  Rəqəmsallaşma ilə bağlı bir sıra çağırışlar da mövcuddur. Biz bu çağırışlara kibertəhkükəsizliyi, bir sıra ixtisasların artıq zamanla öz aktuallığını itirməsini və s. qeyd edə bilərik. Bütün bunlar onu deməyə əsas verir ki, rəqəmsallaşma prosesi planlı şəkildə həyata keçirilməli, tətbiq olunmalıdır”.

"Rəqəmsallaşma iqtisadiyyata müsbət təsir gösərir"

İqtisadçı bildirdi ki, dünya miqyasında, regionda o cümlədən, Azərbaycanda baş verən proseslərdən artıq görünür ki, rəqəmsallaşma ilə bağlı müsbət təcrübələr var: “Ölkəmizdə sosial müdafiə sistemində həyata keçirilən xidmətlərin, sosial ödənişlərin təyinatının rəqəmsal texnologiyalara istinadən reallaşdırılmasının müsbət nəticələrini görürük. Bununla yanaşı, ödənişlərdə qeyri-nağd hesablaşmaların payının artmasında rəqəmsallaşmanın böyük payı var. Bu da onu deməyə əsas verir ki, rəqəmsallaşmanın iqtisadiyyatda müsbət təsirləri var”. 

"Rəqəmsallaşmada sistemlilik ön planda olmalıdır"

E.Məmmədov qeyd etdi ki, rəqəmsallaşmada əsas problemlərdən biri də bundan ibarətdir ki, bu istiqamətdə sistemlilik olmalıdır: “Xüsusilə qeyd etmək istəyirəm ki, planlaşdırma müvafiq səviyyədə reallaşdırılmalıdır ki, müxtəlif qurumlar arasında rəqəmsallaşma ilə bağlı qəbul olunan qərarlarda bir əlaqəlilik koordinasiya olsun. Bu çox önəmlidir və bir məqama da toxunmaq lazımdır ki, əmək bazarında mövcud olan və formalaşacaq rəqəmsallaşma ilə bağlı çağırışlar mütəxəssis hazırlığında da öz əksini tapamalıdır”. “15-20 il bundan sonra əmək bazarında rəqəmsallaşma ilə bağlı hansı dəyişikliklər gözlənəcəksə, artıq gözlənilməkdədirsə, ona uyğun da mütəxəssis hazırlığı prosesi getməlidir.

Bu, bir daha onu deməyə əsas verir ki, planlılıq və sistemlilik rəqəmsal texnologiyaların tətbiqi prosesində sözsüz ki, ön olanda olmalıdır. Planlılıq, sistemlilik olmadıqda qurumların fəaliyyətində birinin öndə getməsi, digərinin geridə olması ümumi rəqəmsallaşmanın effektiv tətbiqinə mane olur” - deyə ekspert bildirib.

Sərvanə Rəmixanova

Chosen
2
valyuta.az

1Sources