EN

Tofiq Zülfüqarov: “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır”

Tofiq

“Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi Rusiyadan qaynaqlanır. Burada səbəb kimi bizim təyyarənin vurulması göstərilir, ancaq mən ehtimal edirəm ki, bu səbəb deyil, bəhanədir. Yəni Rusiya tərəfindən istifadə edilir. Buradan digər bir sual ortaya çıxır: Rusiyada qərar sahibi kimlərdir?”

Bu fikirləri Reyting.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsinin səbəblərini şərh edərkən deyib.

T. Zülfüqarov hesab edir ki, Rusiya ciddi hadisələr ərəfəsindədir: “Ukrayna müharibəsindən əvvəl Rusiya Təhlükəsizlik Şurasında baş verənlər publik şəkildə ortaya çıxdı. Müharibədən, itkilərdən, sanksiyalardan sonra isə həmin Təhlükəsizlik Şurasında ümumiyyətlə birlik adında bir şey yoxdur”.

Zülfüqarovun sözlərinə görə, hazırda Rusiya təzyiq altındadır, ABŞ Prezidenti Tramp açıq şəkildə Rusiyanı təhdid edir, onunla razılıq olmayacağı təqdirdə sanksiyaların olacağını bildirir.

Sabiq nazir əlavə edib ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinin köklərini Rusiyada axtarmaq lazımdır:

“Rusiyada müxtəlif qruplar var, mümkündür ki, onlar Putindən sonrakı dövrə hazırlaşır və hakimiyyətə gəlmək istəyirlər. Bu səbəbdən də daxili ictimai-siyasi proseslərdə rol alır və özləri üçün sərfəli addımlar atırlar. Hər halda bu məqam da səbəblər baxımından əhəmiyyətlidir və kənara qoyulmamalıdır”.

Zülfüqarov ikinci ehtimal kimi Azərbaycanın Türkiyə ilə müttəfiqi olmasına işarə edir: “Mən istisna etməzdim ki, bu məqamın da rolu ola bilər. Azərbaycan Türkiyənin müttəfiqidir, Ankaranın Suriya siyasəti isə Rusiyada ciddi narahatlıq və narazılıq yaradıb. Artıq Tramp da Suriyada baş verənlərə toxunub, ordusunun oradan çıxara biləcəyinə işarə edib. Türkiyə isə Suriyada proseslərin mərkəzində yer alır. Mümkündür ki, Rusiya Türkiyəyə təzyiq etmək məqsədilə Azərbaycanla münasibətləri gərginləşdirsin”.

Y. QACAR
Chosen
14
reyting.az

1Sources