EN

USAID:Təhdid və təzyiq mexanizmi

Başqa ölkələrdə qərəzli ideoloji və geosiyasi maraqlarını həyata keçirməklə məşğul olan, Bayden administrasiyasının hakimiyyəti dövründə, Samanta Pauerin rəhbərlik etdiyi müddətdə daha da «çiçəklənən» təşkilat demokratiyanın, humanizmin üzqarasıdır

Dünya hadisələrinin getdikcə qloballaşması, müşahidə olunan mürəkkəb siyasi hadisələrin «məcrasından çıxması» da təsdiqləyir ki, XXI əsr biliklər, yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Dövrlərin, siyasi proseslərin, dünya nizamının dəyişməsi siyasətçiləri, dövlət xadimlərini, müasir dövrümüzün siyasi elitasını narahatlıq doğuran bir sual ətrafında düşünməyə vadar edir: Sürətlə dəyişən proseslərdə millətlər və dövlətlər varlıqlarını qoruyub saxlaya biləcəklərmi? Bu gün elə bir beynəlxalq strateji araşdırmalar mərkəzi yoxdur ki, qloballaşma proseslərinin təsiri ilə baş verən ciddi dəyişikliklərlə bağlı proqnozlar açıqlamasın. Bu da təsadüfi deyil.
 XXI yüzilliyin əvvəlindən etibarən böyüklüyündən, kiçikliyindən asılı olmayaraq geostrateji məkanda yerləşən dövlətlərarası münasibətlərin tənzimlənməsinə diqqət artır. Dünya birliyinin ayrılmaz tərkib hissəsi , Cənubi Qafqazda siyasi, iqtisadi qüdrəti ilə seçilən Azərbaycan da müstəqil dövlət kimi təbii proseslərdən geridə qalmır. Tez-tez dəyişən siyasi proseslərin dünya sivilizasiyasına müsbət-mənfi
təsirini qaçılmaz adlandıran analitiklər bir zamanlar «Zəfər yürüşü» kimi izah etdikləri demokratiyanı artıq, «zorən, öləziməkdə olan demokratiya» kimi təqdim edirlər. Dünyada baş verən iqtisadi böhranlar, milli münaqişələr zəminində miqrantların sayının artması, təbii fəlakətlər hələ də beynəlxalq leksikonda işlədilən «rəngli inqilablar»ın ixracını sürətləndirir. Beynəlxalq təşkilatların hədəf kimi seçdikləri dövlətlərdə yaratdıqları gərginliklər bir çox bölgələrdə siyasi böhranlar formalaşdırır. Sistemli olaraq hədəf kimi seçilən ölkələrin daxili işlərinə müdaxilələr nəticəsində yaranan xaoslar, dövlət və hökumət nümayəndələrinin istefaları supergüclərin xüsusi xidmət orqanlarının konsepsiyalarına uyğun həyata keçirilir. İllərdən bəri guya «demokratiya gətirmək» bəhanəsi ilə bəzi dövlətlərdə siyasi gərginliyi artıran, dünyanın nizamını istədikləri və yaxud plana uyğun formalaşdırılan ABŞ-ın Milli Demokratiya İnstitutu (MİD), Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX), Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Avropa Demokratiyaya Yardım Fondu (EED) Mərkəzi Kəşfiyyat İdarəsi (MİK), Açıq Cəmiyyət İnstitutu (Soros Fondu), Reyqan demokratiyasının yetirməsi (NED) kimi təşkilatlar «qonaq» kimi yerləşdikləri ölkələrin əhalisinə zəhərli və zərərli planları ilə atom bombasından qorxulu dəhşətlər yaşadırlar.

«Narıncı inqilab»ların «ilk müjdəçisi» olan Ukrayna və Gürcüstan təcrübəsində mənfur niyyətlərini göstərən, demokratiyanı intihara sürükləyən bu təşkilatların izləri Azərbaycanda da hiss olunub. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsi və qətiyyətləri nəticəsində bu kimi qorxulu məqamların aradan qaldırılması ilə ölkəmizdə qeyd olunan təşkilatların mənfur planlarını qarşısı qətiyyətlə alınıb. Bir neçə il bundan əvvəl Bakıda peyda olan, özlərini ABŞ Senatının əməkdaşları kimi təqdim edən, əslində isə ABŞ Kəşfiyyat İdarəsinin əməkdaşları olan C.Zadrozni və D.Vajdiç ilə milli xəyanətkar Xədicə İsmayılova arasında paytaxtımızın «Art Garden”» restoranında keçirilən görüşləri xatırlayaq. O dövrdəki ABŞ səfirliyində silsilə qapalı görüşlər keçirən, Azərbaycan hakimiyyətinin rəsmi şəxsləri ilə görüşməyi «məsləhət bilməyən» bu cür qərəzli «qonaqların» ölkəmizə səfərləri təbii ki, xoşməramlı ola bilməzdi.

Ümumiyyətlə, ölkəmizin siyasi, iqtisadi, diplomatik uğurları xarici ölkələrdə fəaliyyət göstərən anti-Azərbaycan dairələri həmişə narahat etmişdir. Torpaqlarımız Ermənistanın işğalı altında qaldığı 30 ildə daim işğalıçı rəsmi İrəvanı müdafiə edən, Azərbaycan əleyhinə ictimai rəy fomalaşdıran beynəlxalq təşkilatlarda çalışanlar bölgədə sabitliyin pozulması üçün ölkəmiz əleyhinə «gürcü kartı»ndan istifadə kimi rəzil əməllərə belə əl atmışlar. Bir neçə il bundan əvvəl «Amnesty İnternational»”ın əməkdaşı Natalia Nozadze, «Transparency İnternational»”dan Georgi Çanturiya, Luka Kalandarişvili, Maqda Jimşeleişvili, Tamar Tatanaşvili, «Human Rights Watch» təşkilatından Georgi Qogia, «Sərhədsiz reportyorlar»dan İrakli Berulavadan istifadə edərək əsrlərdən bəri dost olan Azərbaycanla Gürcüstan arasında münasibətləri korlamaq istəyən Qərb ən rəzil vasitələrə belə əl atmışdır. Cənubi Qafqazda yerləşmək üçün Ermənistandan vasitə kimi istifadə edən anti-Azərbaycan dairələrin bir hədəfi də «gürcü kartı»”ndan istifadə etməklə bölgədə məskunlaşmaq olub. Bu mənfur niyyətlərindən əl çəkməyən Qərbin dost ölkədə keçirilən parlament seçkilərindən sonra təşkil etdikləri aksiyalar, etiraz mitinqləri bütünlükdə Cənubi Qafqazda sabitliyin pozulmasına hesablanmışdı.

Bu təşkilatlar arasında daha zərərli ideyalar müəllif Açıq Cəmiyət İtstitutu ( Soros Fondu) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir (USAID). Hədəf seçdikləri ölkələrə guya «humanitar yardım və inkişaf layihələri» gətirən bu fondlar əslində dagıdıcı ideyalar müəllifləri kimi insanlara fəlakətlər, qarşıdurmalar yaşatmışlar. Soyuq müharibə dövründə ABŞ-ın xarici siyasətinin əsas təbliğat, «yumşaq güc» vasitələrindən olan USAID-in maliyyələşdirdiyi layihələr və müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlar ən qorxulu ideoloji silah kimi şüurları zəhərləyib. Dünya üzrə 707 media qurumunu, 6200 jurnalist və jurnalistika sahəsində fəaliyyət göstərən 279 qeyri-hökumət təşkilatını maliyyələşdirən təşkilat müxtəlif ölkələrdə ictimai rəyin öz maraqları naminə formalaşdırılmasında daha çox fəallıq göstərib. Sözdə guya daha çox mədəniyyət və gender məsələlərinə diqqət yetirən, özünü humanitar təşkilat kimi göstərməyə çalışan, əslində ABŞ-ın ideoloji silahı kimi qlobal sosial dəyişikliklərlə məşğul olan təşkilatın hədəfi tamam başqdır. Nümunə üçün qurumun Kolumbiyada transgender operası və Peruda transgender komiksləri maliyyələşdirdiyi ni göstərmək olar. Daha bir nümunə olan və Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ «Sülh korpusu» da Avromaydan hadisələrinə qədər Ukraynada çox fəal idi. «Sülh korpusu»nun Ukraynada hətta balaca rayon mərkəzlərinə qədər bütün ölkəyə səpələnmiş 472 könüllüsü var idi. Azərbaycanda isə onun 108 fəalı vardı. «Sülh korpusu» Ukrayna və ya Azərbaycan kimi ölkələrdə nə işlə məşğul idi» sualının cavabı aydındır: ABŞ-ın müvafiq analitik mərkəzlərinə göndərilən informasiyaları toplamaq və ölkədə müvafiq və zəruri məlumat bazası yaratmaq.

«Sülh korpusu» ilə yanaşı, USAID də bu istiqamətdə həlledici rol oynayırdı. USAID Azərbaycanda olduğu kimi, Ukraynada da hədəflərinə uyğun fəaliyyət göstərirdi. Məqsəd sosial şəbəkələr vasitəsilə ictimai rəylə işləyəcək amerikapərəst və avropapərəst yazarlar, informasiya mərkəzləri yaratmaq idi. Qeyd edək ki, son illərdə Ukraynada baş verənlər bu cür zərərəli proqramların konkret nəticəsidir.

Azərbaycankı əməlləri ilə şüurları zəhərləməyə çalışan USAID-in fəaliyyəti heç vaxt xoşməramlı olmayıb. USAID-in ölkəmizdəki yerli QHT-ləri maliyyələşdirməsi prosesi şəffaf olmayıb. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə təşkilatın Ermənistana humanitar yardım adı altında külli miqdarda vəsait ayırması haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq yaratmışdı. Araşdırmalardan aydın olur ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində, daha çox fəallaşan USAID-in adı anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilatlar arasında ön sıralarında çəkilib. 44 günlük Vətən müharibəsinin, könüllülərdən ibarət ekoloji aksiyaların davam etdiyi zaman Azərbaycan gənclərinin xoşməramlı məqsədini dünya ictimaiyyətinə ermənisayaq çatdıran təşkilatın öyrədilmiş, korrupsiyalaşmış əməkdaşları ölkəmizdə keçirilən COP29 ərəfəsində belə xain əməllərini davam etdirmişlər.

Son günlərdə USAID-in «fəaliyyəti» ilə bağlı Ağ Evin yaydığı məlumatlar, təşkilatın müxtəlif ölkələrdə maliyyələşdirdiyi layihələr ciddi narahatlıq doğurub. Dünyanın ən qəddar terror təşkilatı olan «Əl-Qaidə» üçün 10 min porsiya yemək alınmasına ayrılan vəsait USAID-in resurslarının necə idarə edildiyi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirir. Bu yardımların humanitar məqsədlərlə ayrıldığı bildirilsə də əslində vəsaitlərin silah tədarükü üçün nəzərdə tutulduğu məlum olub.

USAID-in «əsas missiyası» inkişaf və humanitar yardım olsa da, onun vəsaitləri xalqların milli-mənəvi dəyərlərinə belə zərər vurmuşdur. İrlandiyada LGBT myuzikl və Serbiyada inklüzivliyin irəlilədilməsi (1.5 milyon dollar) –Vyetnam üçün elektromobillərə 2.5 milyon dollar, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığına 2 milyon dollar ayrılması – İnkişaf etməkdə olan ölkələrdə gender və ətraf mühit məsələləri üzərində diqqətin artırılması müəyyən dairələr tərəfindən ABŞ-ın ideoloji təsir aləti kimi qiymətləndirilir.

Bu layihələr təsdiqləyir ki, USAID indiyədək ABŞ-ın ideoloji və geosiyasi maraqlarını həyata keçirmək üçün təhdid və təzyiq mexanizmi olub. Bir çox ölkələr kimi, Azərbaycanda da bu təşkilatın fəaliyyəti araşdırılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ilin iyun ayından etibarən USAID-in Azərbaycandakı fəaliyyətinin de-yure dayandırıldığını bildirib. Nazirin sözlərinə görə, USAID-in yardımları əsasən Bayden administrasiyasının maraqlarına xidmət etdiyindən, rəsmi Bakı bu təşkilatla əməkdaşlığın dayandırılması qərarına gəlib. ABŞ müxtəlif ölkələrdə ictimai rəyə təsir göstərmək, hökumətlərə təzyiq etmək və ideoloji gündəmini yaymaq üçün təsir imkanına malik qurum xüsusilə Samanta Pauerin rəhbərliyi dövründə daha da « çiçəklənib.» Ağ Evdə yenicə rəhbərliyə başlayan USAİD-lə bağlı mövqeyini «Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!» sözləri ilə ifadə edən ABŞ-ın 47-ci Prezidenti Donald Trampın bildirdiyi kimi fırıldaqçılıqla məşğul olan bu təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənib: «Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey.» Məşhur amerikalı milyarder İlon Mask da USAID-i «cinayətkar təşkilat» adlandırıb. Bildirib ki, Agentlik koronavirus və bioloji silahların hazırlanmasına vəsait ayırıb.

Macarıstanda, Rusiyada və Türkiyədə artıq USAID-in fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. İnformasiya təhlükəsizliyi və suverenlik baxımından Agentlik barədə daha sərt qərarlar qəbul olunacağı gözləniləndir. Azərbaycan üçün əsas vəzifə bu təsirlərə qarşı daxili informasiya təhlükəsizliyini gücləndirmək, vətəndaş cəmiyyətini müstəqil inkişaf etdirmək və xarici təsirlərdən müdafiə olunmaqdır. Vəsaitini Ukraynada, Gürcüstanda, Avropada, Qafqazda və dünyada inqilablar və rejim dəyişiklikləri üçün xərcləyən USAID-in fəaliyyətində qanlı hadisələr də yox deyildir. Müharibələrə, vətəndaş qarşıdurmalarına, «rəngli inqilab»lara və qeyri-demokratik proseslərə vəsait ayıran təşkilat yüzlərlə günahsız insanın qətli üçün də məsuliyyət daşıyır. Təşkilatla bağlı araşdırmalar aparan ABŞ-ın yeni administrasiyası tərəfindən etiraf edilir ki, qurum təsəvvürə gəlməyəcək dərəcədə cinayətlərə imza atıb. Bəlli olan budur ki, Bayden administrasiyasının hakimiyyəti illərində Samanta Pauerin rəhbərlik etdiyi müddət təşkilatın tarixinə ən biabırçı dövr kimi yazılacaq.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
3
ikisahil.az

1Sources