“Şübhəsiz ki, “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların Azərbaycan əleyhinə bəyanatlarının arxasında rəsmi Kremlin mövqeyi dayanır. Nikolay Valuyev, Yevgeni Popov, Andrey Pinçuk, Zatulin və digərlərinin çıxışlarına və təkliflərinə baxdıqda, Rusiyanın imperiya təfəkküründən qurtula bilmədiyi açıq şəkildə görünür”.
Bunu hafta.az-a siyasi ekspert Rəşad Bayramov bildirib. Onun sözlərinə görə, belə olmasaydı, Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərindən, xüsusi komissiyanın rəyindən, eləcə də "Rus evi"nin qeyri-qanuni fəaliyyəti ilə bağlı atılan addımlardan nəticə çıxarardı. Amma bunun əvəzinə rəsmi Moskva şantaj yoluna üstünük verib.
Ekspert bildirib ki, Ermənistanda Rusiya televiziyalarının yayımının dayandırılmasına, rus məktəblərinin bağlanmasına, bu ölkənin öz mövcudluğunu borclu olduğu Rusiyanı satmasına, KTMT tədbirlərini boykot etməsinə, ABŞ ilə birgə hərbi təlimlərinə və strateji tərəfdaşlıq haqqında sənəd imzalamasına, Avropa İttifaqına üzvlük proseduruna başlamasına səssiz qalan, bütün imkanları ola-ola Ermənistana təzyiq etməyən Rusiyanın indi Azərbaycan qarşı hücuma keçməsi əslində Moskvanın yüzillər boyu həyata keçirdiyi siyasətin davamıdır:
“Biz bunların heç birini unutmamışıq. Nə ərazilərimizdə Ermənistan adlı dövlətin yaranmasını, nə torpaqlarımızın hissə-hissə Ermənistana peşkəş edilməsini, ərazilərimizin işğalı zamanı Rusiyanın birmənalı dəstəyini, İrəvana milyardlarla dollar dəyərində silah və texnika verilməsini, Xocalı soyqırımını, nə də İkinci Qarabağ savaşından sonra separatçılara verilən dəstəyi unutmamışıq. Unutmağımız da mümkün deyil.
Rəsmi Kremlin nəzarətində olan media qurumlarının Azərbaycan əleyhinə apardığı kampaniyanın ardınca indi də hakim partiyanın deputatlarının bu cür mövqeyi Rusiyanın iç üzünü göstərir. Valuyevin Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarının bağlanması, biznesin məhdudlaşdırılması, azərbaycanlıların ölkədən çıxarılması, Rusiya vətəndaşı olan soydaşlarımızın cəbhəyə göndərilməsi kimi təkliflər səsləndirməsinə, millətimizi "şobla-vobla" adlandırmasına, Popovun Azərbaycanın Rusiyadakı şirkətlərinin fəaliyyətinə yenidən baxmaq kimi təkliflərlə çıxış etməsinə, Ukraynanın Donetsk vilayətində separatçı fəaliyyətilə qazandığı uğurlara görə Dövlət Dumasının deputatı mandatına yiyələnmiş Andrey Pinçuk adlı birinin "Crocus" və "Sadovod" ticarət komplekslərinin az qala müsadirə edilməsi ilə bağlı təkliflərinə Rusiya rəsmi qurumlarının səssiz qalması, onları bu səpkili çıxışlara görə qınamaması bir daha sifarişin haradan gəldiyini bütün çılpaqlığı ilə ortaya qoyur. Şübhəsiz ki, biz kiminləsə münasibətlərimizin korlanmasının tərəfdarı deyilik, amma bu şəkildə haqsız rəftara da göz yummayacağımız həqiqətini də Rusiyanın hakim dairələri bilməli və Azərbaycanla münasibətlərində korrektələr etməlidirlər.
Rusiya unudur ki, Azərbaycan artıq daim güzəştə gedən ölkə deyil. Əgər rəsmi Moskva həqiqətən də müttəfiqlik münasibətlərinə sadiq olduğunu iddia edirsə, onda ilk növbədə Zatulin və onun kimilərin ağzını yummalı və Azərbaycanın haqlı tələblərini qəbul edərək üzr istəməlidir”.