EN

DİQQƏT: Evlənmək istəyən cütlüklər narkoloji testdən KEÇİRİLƏCƏK?

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı artıb. Son ildə boşanma sayı əvvəlki illə müqayisədə eyni qalsa da, ümumilikdə son beş ildə boşanma sayında artım qeydə alınıb.

Boşanmanın bir çox səbəbi var. Geniş yayılan səbəblərdən biri də narkomaniya hesab edilir.

Ailə quran gənclər müəyyən vaxtdan sonra ömürlərini birgə keçirməyə qərar verdikləri şəxsin narkotik vasitələrin aludəsi olduğunu öyrənirlər. Bundan da ən çox qadınlar əziyyət çəkirlər. Narkomaniyaya görə ərindən boşandığını iddia edənlərin çoxu həyatını birləşdirməyə qərar verdiyi şəxsin narkotik vasitələrdən istifadə etdiyini bilmədiklərini deyirlər.

Xatırladaq ki, Azərbaycanda 2015-ci ildə nikahdan öncə tibbi müayinədən keçmək qanuniləşib.

Tibbi müayinə ilə hemoqlobinopatiyalar, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilis kimi xəstəlikləri aşkarlamaq mümkündür. Müayinənin nəticəsindən asılı olmayaraq cütlüklərin evlənmək qərarından daşınıb daşınmaması isə onların şəxsi seçimidir. Lakin bəzi xəstəliklər var ki, hər iki şəxs həmin xəstəlikdən əziyyət çəkərsə, dünyaya sağlam uşaq gətirə bilməz. Bir çox ölkələrdə evlənmədən öncəki tibbi müayinənin məqsədi də budur. 

Bəs nikahdan öncə narkotik vasitələrdən istifadə edən şəxslərin davranışında, həyat tərzində bunu sezmək çətindirsə, müayinə yolu ilə aşkar etmək olarmı? Bu müayinə həm də narkomaniyadan istifadəni aşkarlayırmı? Ümumiyyətlə, evlənməyə hazırlaşan cütlüklərin narkoloji testdən keçirilməsi təklif oluna bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Günay Ağamalı deyib ki, evlilikdən öncə narkoloji testin qanuna salınması ailə institutunun möhkəmliyinə ciddi töhfələr verə bilər:

“Cütlüklərin ailə qurmazdan öncə tibbi yoxlamalardan keçməsini çox yüksək qiymətləndirirəm.

Sağlam ailə üçün olduqca vacib və yerində qəbul olunmuş qanundur. Analizlərdən keçməklə ailə quranlar seçimlərini doğru edə bilirlər. Sağlam gələcək naminə narkoloji testdən keçmək mütləq komponentlərdən biridir. Evlilikdən öncə narkoloji testin qanuna salınması ailə institutunun möhkəmliyinə, gələcəkdə dünyaya gələn körpələrin sağlamlamlığına ciddi töhfələr verərdi”.

Günay Şahmar, Bizim.Media

Chosen
4
bizim.media

1Sources