EN

MƏŞHURLARIN CİNAYƏT İŞİ: "...pulların "İnvestAz"a qoyulub-qoyulmadığını bilmirəm" - Hakim zərərçəkmişi “İnvest.az” şirkəti ilə bağlı sorğu-sual edib (Yenilənib)

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışnaın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb.

İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra cinayətin üstü açılıb.

Fotoda: Nizami Alışan

Zərərçəkmiş deyib ki, Nizami ilə təxminən 3 il əvvəl internetdə tanış olub. Onun kriptovalyuta ilə bağlı anlayışı olduğunu öyrənib, qazanc əldə etmək məqsədilə 2022-ci ildə 400 min, daha sonra isə 545 min dollar pul verib: “Nizamiyə ümumilikdə 945 min dollar vermişəm. Bunun müqabilində 400 min dollara görə, ayda yeddi-səkkiz min, 545 minə görə isə ayda 30 min dollar gəlir əldə edəcəyimi demişdi. Bildirirdi ki, pulları “İnvest.az” saytına yerləşdirir. Sonradan isə pulu oradan çıxarıb Amerikadakı hansısa sayta köçürür. Dörd-beş ay 7-8 min pul verdi. Sonuncu dəfə isə 30 min bir, 15 min dollar da bir verdi. Aramızda telefon yazışmaları, səs yazıları var. Hər cür sübutları saxlamışam. Hətta 545 min dolları verəndə tanışım Ramin Talıbov da yanımda idi”.

Tərəflərin suallarını cavablandıran Usubov Nizaminin ondan pulları “İnvest.az” saytının adı ilə aldığını deyib, amma ora yatızdırıb-yatızdırmadığını dəqiqləşdirə bilməyib: “Dəqiq bilmirəm, pulu ora yatızdırıb, yoxsa yox. Mənə dedi ki, ora qoyacağam, sənin adından birja əməliyyatı keçirib, qazanc verəcəyəm. Sonradan dedi ki, bir az çətinliyim var, pulların hamısını bir yerdə qaytaracağam. Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi. Dedim, əlavə lazım deyil, öz pulumu qaytar”.

Zeynal Usubov ona necə inandığını özünün də bilmədiyini deyib: “Məni inandırmaq çətindir. Bu adama necə inanmışamsa, özüm də mat qalmışam. Müxtəlif platformalardan şəkillər göstərib hesablarda 11-12 milyon dollar pul olduğunu deyirdi. Mənim birjadan başım çıxmırdı. Bu da deyirdi ki, mən bilirəm, aylıq 25 faiz qazanc olacaq, yarısı sənin, yarısı mənim. Səhvim onda olub ki, ona inanmışam”.

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən Zeynal Usubov ifadə verib.

"2023-cü ilin yanvar ayında da ona 545 min dollar pul vermişəm. Məni Nizami Alışana bir tanışım yönləndirib. Onun vasitəsi ilə Nizamiyə pul vermişəm. Verdiyim pulun müqabilində mənə qazanc verməli idi. Bir müddət qazanc verdi, sonra yoxa çıxdı. Əvvəl 30 min, sonra 3-4 ay 7-8 min dollar pul verdi. Deyirdi ki, məndən başqa digərlərinin də onda pulu olub. 3-4 ay qazanc verəndən sonra dedi ki, problemlərim var, əlavə 100 min dollar pul verəcəyini vəd verdi, əlavə pulun lazım olmadığını bildirərək mənim pulumu qaytarmasını istədim..".

Daha sonra zərərçəkənin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, Nizami Alışanı "facebook" sosial şəbəkəsindən tanıyıb: "Daha sonra onunla görüşərək "İnvestAz" platformasına yatırmaq üçün pul verdim. Mənə aylıq 6-8 min dollar qazanc verməli idi. 2023-cü ilin yanvar ayında da 950 min dollar pul verdim. Bunun müqabilində də mənə aylıq qazanc verməli idi, lakin hər dəfə pulu istəyəndə bir bəhanə deyirdi. Nizami Alışan mənim ümumilikdə 1 milyon 350 min dollar pulumu aldadaraq ələ keçirib".

Zərərçəkən Zeynal Usubov deyib ki, yerli bankların qoyulan pul müqabilində verilən qazanc onu qane etmir: Nizami Alışan müxtəlif platformalardan şəkillər göstərərək hesabında 11 milyon dollar pul olduğunu deyirdi. O, məni belə vasitələrlə inandırmışdı".

Chosen
29
4
mia.az

7Sources