EN

QHT-lər Azərbaycan gənclərinin inkişafında necə bir rol oynayır? AÇIQLAMA

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a verdiyi açıqlamasında gənclərin maariflənməsi və inkişafında qeyri-hökumət təşkilatlarının əvəzsiz rolundan bəhs edib. O, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ölkədəki gənclər siyasətinin və bu sahədəki dövlət tədbirlərinin əhəmiyyətini vurğulayıb:

"Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bu yana keçdiyimiz yolu nəzərdən keçirdikdə, bir çox məsələləri çox rahatlıqla analiz edə bilirik. Bilirik ki, Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra yaradılan ilk nazirlikdir. Bu, cənab Prezidentin Azərbaycan dövlətçiliyi üçün gənclərin nə qədər mühüm önəmə sahib olduğunu bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdığı və onların inkişafı üçün necə sağlam özüllər qoyduğunun göstəricisidir."

Elməddin Behbud qeyd edib ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaradılan Gənclər və İdman Nazirliyi, gənclərin inkişafı üçün möhkəm təməl qoyulması məqsədilə atılan ilk addımlardan biri olub. O, Azərbaycanın gənclər siyasətinin əsas tərəfdaşı olan gənclər təşkilatlarının ölkənin inkişafında müstəsna rol oynadığını bildirib.

"Gənclərin maariflənməsi, zərərli vərdişlərdən çəkinməsi, təhsillərinin artırılması, sosial və iqtisadi sahələrdə fəallığının gücləndirilməsi kimi məsələlərdə QHT-lər, xüsusən də gənclər təşkilatları çox böyük rol oynayıb," - deyə Elməddin Behbud vurğulayıb. O, eyni zamanda qeyri-hökumət təşkilatlarının gənclərin özlərini ifadə etmələri, milli maraqları müdafiə etmələri və beynəlxalq tribunalarda çıxış etmələri üçün imkanlar yaratdıqlarını qeyd edib:

"Bu il artıq 25 ildir fəaliyyət göstərən bir təşkilatıq və bunu hər zaman görmüşəm ki, regionlarda da çox parlaq gənclərin əldə olunmasında, onların aşkarlanmasında gənclər təşkilatlarının fəaliyyətinin böyük rolu olub. Biz müxtəlif seminarlar və təlimlər keçirirdik, misal üçün, sizə deyim, və regionlardan gənclər seçirdik. O, bizim ondan davamlı işləməyimizin nəticəsi olaraq üç il, beş il sonra biz görürdük ki, o gənclər yüksəliş müsabiqəsindədir, yaxud görürdük ki, artıq xarici ali məktəblərdən onun səsi gəlir, yaxud buradakı dövlət qurumlarından gəlir, yaxud özləri artıq tam müstəqil şəkildə yeni bir qeyri-hökumət təşkilatının əsasını qoyublar və sair və ilaxir. Bu mənada qeyri-hökumət təşkilatlarının gənclərin maariflənməsi və inkişafında rolu böyükdür. Çünki onlar qeyri-hökumət təşkilatları, alternativ ictimai təşəbbüslərlə çıxış edən mühüm ictimai institutlardır və hər zaman maneəsiz QHT-lər gənclərlə hansısa protokol olmadan onları dinləyirlər, onların ehtiyaclarını öyrənirlər və mümkün dairədə imkanları çərçivəsində onların ictimai ehtiyaclarının qarşılanmasına çalışırlar".

 

DANI-nin sədri 2024-cü ildə həyata keçirilən layihələrə də toxunub. O, postmüharibə dövründə Azərbaycanın gənclərinin ideoloji təhdidlərə qarşı daha güclü şəkildə mübarizə aparmasına yönəldilən "ideoloji maarifləndirmə" layihələrinin uğurlu nəticələr verdiyini, regionlarda ekoloji maarifləndirmə mövzusunda həyata keçirdikləri tədbirlərdə gənclərlə aktiv şəkildə əlaqə qurduqlarını bildirib. 2025-ci ildə gənclərin ideoloji maarifləndirilməsi və onların ictimai ehtiyaclarının qarşılanması istiqamətində yeni layihələrin həyata keçiriləcəyini bildirən Elməddin Behbud, gənclərin sosial inkişafını dəstəkləmək məqsədilə ölkə daxilində və beynəlxalq səviyyədə müvafiq fəaliyyətləri davam etdirəcəklərini qeyd edib.

"Qeyri-hökumət təşkilatları, xüsusilə gənclər təşkilatları, Azərbaycanın gənclərinin gələcəkdə daha güclü və daha müstəqil şəxsiyyətlər kimi yetişmələrinə müsbət təsir göstərməkdə davam edəcəklər".

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
11
qht.az

1Sources