Həm ''Qalatasaray'' ilə ''Fənərbaxça'', həm də Okan Burukla Joze Mourinyo arasında amansız mübarizə davam edir.
''Football-plus.az'' xəbər verir ki, hər iki komanda üçün superliqada mövsümün 22 oyunu geridə qalıb. ''Adana Dəmirspor''la yarımçıq qalan qarşılaşmaya görə ''Cim-Bom''a 3 xal veriləcəyini nəzərə alsaq, komandanın aktivində 60 xal olacaq. ''Fənər''in isə 54 xalı var. Okan Buruk bu göstərici ilə növbəti dəfə adını turnirin tarixinə yazdırıb.
Belə ki, indiyə qədər Türkiyə çempionatında 22 oyuna 60 xal toplayan məşqçi olmamışdı! Bu göstəricidə rekord Okan Burukun özünə və İsmayıl Kartala məxsus idi. Çünki ötən mövsüm həm ''Fənər'', həm də ''Qalatasaray'' 22-ci həftəni 57 xalla başa vurmuşdu. Yəni son 3 mövsümdə bir sıra önəmli göstəricilərə imza atan 51 yaşlı Buruk bu göstəricidə də vahid rekordçu oldu.
Mourinyoya gəlincə, 22 oyuna 54 xal onun üçün rekord olmasa da, son illərin, daha doğrusu son 13 ildə karyerasının ən yaxşı göstəricisidi! Ünlü portuqaliyalı mütəxəssis sonuncu dəfə 2011/12-də ''Real''ın başında olarkən bundan daha yaxşı (58 xal) nəticə göstərmişdi.
Ümumilikdə Mourinyo məşqçi karyerasının ən yaxşı 5-ci mövsümünü keçirir. İndikindən daha yaxşı göstəriciyə o, 2011/12-nin ''Real''ından başqa 2004/05-də ''Çelsi'' (55) ilə, 2003/04-də ''Portu'' (56) ilə və 2005/06-da ''Çelsi'' (61) ilə nail olub.
Bundan başqa ''xüsusi'' ''Real''ın başındakı ilk mövsümündə, yəni 2010/11-də də indiki kimi 22 oyuna 54 xal toplamışdı.
ƏLİ