EN

Mərc oyunları və… – Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub. DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib.

Valideynlər övladlarının onlayn fəaliyyətinə nəzarəti necə effektiv şəkildə həyata keçirə bilərlər? Şəbəkə oyunlarının azyaşlıların psixologiyasına və davranışlarına necə təsir etdiyi ilə bağlı tədqiqatlar aparılırmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan Amerika Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Şirin Məmmədli bildirib ki, internetlə bağlı olan narahatlıqlar valdeyinlər arasında günbəgün artır.

Psixoloq Şirin Məmmədli: "Əsas iş prinsipim hər bir seansın sonunda nəticəəldə etməkdir" » www.ADEKVAT.AZ

Onun sözlərinə görə, yalnız 18 yaşından aşağı olan arasında yox, eyni zamanda 18 yaşı tamam olmuş gənclər üçün belə valideynlər narahat olurlar: “İnternetdə bu tipli oyunlar və bununla yanaşı mərc oyunları sürətli şəkildə artış göstərir. Bu da gənclər və yeniyetmələrin marağını cəlb edir. O ki, qaldı bu şəkildə vərəqlərin paylanması və uşaqların marağının hansısa bir şeyə yönləndirilməsi. Bu cür məsələlərlə bağlı məktəbdə mütləq şəkildə məktəb psixoloqları şagirdləri maarifləndirməlidir. Məktəb psixoloqları Azərbaycanda çox təəssüf ki, passivdirlər. Mütəmadi şəkildə uşaqların fərdi testlər vasitəsi ilə yoxlanışları aparılmalıdır. Həm onların psixoloji vəziyyəti, həm də başqalarına verə biləcəkləri təsirlər haqqında məlumatlar toplanılmalıdır. Mən daha çox yeniyetmələrlə işləyirəm. Burada müşahidə etdiyim məsələlərdən biri də odur ki, sinifdə əgər bir nəfər şagird hansısa yaşına uyğun olmayan səhifəyə və ya veb-oyuna özü girməyi bacarırsa gəlib sinifdəkilərin də diqqətini ora cəlb edir, bunu necə etmək lazım olduğunu onlara öyrədir”.

Psixoloq qeyd edib ki, ilk növbədə məktəb, daha sonra isə valideyinlər mütləq şəkildə uşaqlarla vaxt keçirməlidirlər: “İndiki dövrdə valideyinlər ibtidai sinifdən etibarən hər gün övladları ilə söhbət etməli, vaxt keçirməlidirlər. Övladlarının telefonuna mütəmadi nəzarət etməlidirlər. Təbii ki, bunu uşağın özgüvənini qıracaq şəkildə etmək olmaz. Sadəcə olaraq ona bunu nəyə görə etdiklərini dəfələrlə izah etməlidirlər. Uşağın özgüvəni nə qədər yüksəkdirsə, ona nələrisə danlamadan başa salaraq aşılayırıqsa, o zaman uşağın özü də təhlükələrdən yan keçməyi və hər hansı çıxılmaz vəziyyətə düşərsə ilk öncə valideyninə müraciət etməyi öyrənəcək. Çünki uşağa veriləcək ən birinci özünümüdafiə silahı özgüvəndir. Maarifləndirmə ilk növbədə evdən başlayır. Valdeyinlər bu məsələlərdə onları maarifləndirməli və nəzarət etməlidirlər. Məktəb psixoloqları və valdeyinlərin burada önəmi ondan ibarətdir ki, uşaqla fərdi danışıldıqda daha çox nəticə almaq mümkündür”.

Nailə Qasımova
Medianews.az

 

Chosen
34
medianews.az

1Sources