Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.