EN

Coşqun Diniyev “Çorum”da debütünü 2 qolla qeyd etdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubunun heyətində ilk rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası bu gün TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 24-cü turu çərçivəsində “Yeni Malatyaspor”la qarşılaşıb.

Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan inamlı qələbə ilə ayrılıb – 2:0.

Diniyev debüt matçına çıxdığı bu görüşdə möhtəşəm performans sərgiləyib. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da məhz Coşqun vurub. O, 14-cü dəqiqədə Atakan Akkaynakın ötürməsini dəqiq zərbə ilə tamamlayaraq oyunda hesabı açıb. 49-cu dəqiqədə bu oyunçular növbəti dəfə səhnəyə çıxıblar. Yenə Akkaynakın ötürməsindən sonra Diniyev dublunu rəsmiləşdirib.

Xatırladaq ki, Coşqun Diniyev ötən gün Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atmışdı. Bu gün isə debüt matçına çıxan azərbaycanlı futbolçu yeni komandasının qələbəsinə dublla töhfə verib.

Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

Qeyd edək ki, “Çorum” bu qələbə sayəsində 38 xalla Birinci Liqanın yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 24 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.

Chosen
32
21
arena.az

10Sources