Xəbər verdyimiz kimi, Zaqatalada 3 il əvvəl itkün düşən hindistanlı turist Manikant Kondavetinin qalıqları dağda tapılıb.
Lent.az dağda turistin qalıqlarını aşkar edən Zaqatala sakinini taparaq hadisənin təfərrüatlarını öyrənib.
"Birdən qarşıma “vetnamka” çıxdı. Düşündüm ki, “vetnamka” bura hardan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burda nəsə var...”
Rayonun Mazıx kənd sakini Ruslan Əliyev saytımıza dağda qarşılaşdığı maraqlı mənzərəni belə danışıb:
“Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma “vetnamka” çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var”.
Ruslan Əliyev deyir ki, onun əynindəki paltarlar çürümüşdü:
“Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan “vetnamkalar” və kəməri idi”.
Turistin qalıqlarını tapan Ruslan daha maraqlı bir faktı açıqlayıb:
“Sümüklər fındıq ağacının altında idi. Biraz aralıda balaca tonqal gördük. Yəni tonqalın qalıqlarını. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi”.
Ruslan Əliyev deyir ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri mümkündür:
“Həmin dərə çox çətin reylefdə yerləşir. Tupik bir dərədir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik”.
Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürüb aidiyyəti üzrə təhvil verib.
Bizim versiyamız...
Şahidin danışdıqlarından belə məlum olur ki, Hindistanlı turist azaraq və yaxud bilərək həmin dərəyə düşüb. Lakin sonra dərədən çıxa bilməyib. Ola da bilər ki, turistr dərəyə düşəndə yaralanıb. Ərazidə aşkarlanan ocaq qalıqları da onu deməyə əsas verir ki, turist dərəyə düşəndən sonra bir müddət orada qalıb. Lakin bütün bunlar bizim ehtimallarımızdır. Bağlı qalan bütün suallara istintaq cavab tapacaq.