Bakıda “Rus evi”nin yerləşdiyi bina boşaldılıb.
Mərkəzin qapısı üzərindəki lövhə və həm rus, həm də Azərbaycan dilindəki yazılar sökülüb.
Həmçinin foyedəki məlumat xarakterli afişa və fotolar da yığışdırılıb.
***
Bakıdakı “Rus evi”nin binası boşaldılır.
Bu barədə TASS "Rus evi"nin nümayəndəsinə istinadən məlumat yayıb.
"Binanın lövhəsi artıq tam sökülüb (bir gün əvvəl yalnız rus dilində olan yazı götürülüb)", - o bildirib.
Binanın xaricindən görünür ki, təşkilatın əvvəllər tədbirlər keçirdiyi foye və zalın divarlarından şəkillər, plakatlar və afişalar, rəflərdəki suvenirlər götürülüb, səyyar sərgi yığışdırılıb. Bəzi əşyalar hələ də yerində qalır.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.