Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının mənafeyinə uyğun olaraq cəsusluq edən şəxsi həbs edib.
APA-nın “unian”a istinadən xəbərinə görə, əməliyyat xidmət rəisi Vasili Malyukun rəhbərliyi ilə həyata keçirilib.
V. Malyuk detallar barədə danışarkən bildirib ki, həmin şəxsin saxlanılması zamanı aşkar və gizli əməliyyat-axtarış fəaliyyətinin bütün üsullarından istifadə edilib:
“Biz xüsusi qaydalara uyğun şifrələnmiş proqram təminatı vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin Qərargah rəisi Dmitri Kozyuranın istifadəsində olan elektron vasitələrə müdaxilə etdik, eləcə də audio-video nəzarət üsullarından yararlandıq. Bu proses çərçivəsində onun həyata keçirdiyi əməllər, yəni müvafiq informasiyanın qarşı tərəfə ötürüldüyü tam olaraq sübuta yetirildi”.