EN

Kloze: “Mahirə ehtiyacım var, bunu dəfələrlə ona söyləmişəm”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı hücumçu Mahir Emrelinin “Maqdeburq”a qarşı oynamamasının səbənini açıqlayıb.

Arena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis 2-ci Bundesliqanın 21-ci turu çərçivəsində “Maqdeburq”a səfərdə qalib gəldikləri (4:3) görüşdə azərbaycanlı forvarda şans verməməsinə belə aydınlıq gətirib:

“Şənbə günü Mahir üçün asan olmadı. Bu səbəbdən onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Amma bu oyunçuya ehtiyacım var və mən bunu dəfələrlə ona söyləmişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir. 50 beynəlxalq oyun keçirib. Ona görə bunun onu narahat etməməsi yanlış reaksiya olardı”, deyə Kloze vəziyyətə aydınlıq gətirib.

Bundan əlavə, “Bild” nəşri Mahir Emrelinin Almaniya klubundan ayrılacağını və Cənubi Koreyaya köçəcəyini iddia edib. Lakin hələlik bununla bağlı rəsmi təsdiqin olmadığı da vurğulanıb.

Xatırladaq ki, “Nürnberq” bu mövsüm 2-ci Bundesliqada keçirdiyi 21 oyunda 31 xal toplayıb və hazırda 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda bu mövsüm 9 qələbə qazandığı halda 4 heç-heçə edib, 8 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını fevralın 16-da doğma meydanda “Ulm”a qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 15 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
29
arena.az

1Sources