EN

Yoxlamaların dayandırılmasının müddəti uzadıldı

Yazını böyüt
Yazını kiçilt

Sahibkarlığın inkişafı davamlı iqtisadi yüksəlişin açarı sayılır. Bu səbəbdən sözügedən sahə dövlətlərin iqtisadi siyasətlərində prioritet istiqamətlərdən birini təşkil edir. Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafına dəstək məqsədi ilə ardıcıl tədbirlər görülür, o cümlədən sahibkarlığın hüquqi tənzimlənməsi sistemi həm ümumi xarakterli institusional məsələlər üzrə, həm də ayrı-ayrı sahələr və predmetlər üzrə çoxsaylı hüquqi aktların qəbul edilməsi, habelə, müasir çağırışlara uyğun olaraq qanunvericiliyin yenilənməsi vasitəsi ilə daim təkmilləşdirilir.

Bu yaxınlarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir.

Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər: "Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir".

Millət vəkili deyib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, yoxlamaların dayandırılmasında əsas məqsəd ölkədə sahibkarların fəaliyyətinin qeyri-qanuni, kortəbii şəkildə, ehtiyac olmadan edilən müdaxilələrə yol verilməsinə son qoyulmasıdır: “Bu kimi qanunsuz yoxlamalar sahibkarların səmərəli işinə və ölkə iqtisadiyyatına fayda verməsinə maneçilik törədir. Məqsəd bunun qarşısını almaqdır. Mövcud vəziyyət göstərir ki, sahibkarların işində kortəbii yoxlamaların məhdudlaşdırılması mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, sahibkarların fəaliyyətinə kortəbii müdaxilə yolverilməzdir. Lazımsız yoxlamaların aparılmasına məhdudiyyət qoyulması dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilən bir addımdır. Hesab edirəm ki, yoxlamaların vaxtını bir il, üç il uzatmaqdansa, yeni qanun qəbul edərək, yaxud indiki qanunvericiliyə dəyişiklik olunaraq yoxlamalar birdəfəlik ləğv edilə bilər. Sahibkarların fəaliyyətində müvafiq vergi yoxlamalarından savayı, heç bir təftiş olmamalıdır. Sahibkarların dövlət qarşısında yeganə məsuliyyəti vergi ödənişi ilə bağlıdır. Təbii ki, əhalinin sağlamlığına təhlükə yaradacaq fəaliyyət sahələrinə ciddi nəzarət qalmalıdır".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli də bildirib ki, yoxlamaların dayandırılması ümumilikdə müsbət qərardır: "Hazırda qeyri-neft sektoru ciddi problemlərlə üz-üzədir. Bu qərar qeyri-neft sektorunda fəaliyyət göstərən bizneslərə dəstək məqsədilə tətbiq edilir. Dövlət orqanlarının yoxlama etikası və keyfiyyəti hələ də arzuolunan səviyyədə olmadığı üçün, bu qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilir".

X.Kərimlinin sözlərinə görə, yoxlayıcı orqanların iş prinsiplərində ciddi nöqsanlar var. Zamanla bunlar da aradan qalxmalıdır: "Yoxlamalar zamanı əsas məqsəd bizneslərin inkişafına dəstək olmaq və ya istehlakçı hüquqlarını qorumaqdan daha çox, müəyyən qüsurlar tapıb cərimələr tətbiq etməklə məhdudlaşır. Bu yanaşma, bir tərəfdən bizneslər üçün əlavə çətinliklər yaradır, digər tərəfdən də dövlətin inzibati idarəetmə sistemindəki problemlərin olduğunu göstərir. Bu kimi problemlərin də aradan qalxmasına ehtiyac var".

Ekspert vurğulayıb ki, Azərbaycanın qeyri-neft sektorunun investisiyaya cəlbinə ciddi ehtiyacı var: "Yoxlamaların dayandırılması investisiya cəlbini şərtləndirən amillərdən biridir. Əlbəttə, müəyyən müddətdən sonra yoxlamalar da bərpa olunacaq. Hesab edirəm ki, hökumətin növbəti addımı bu yoxlamaların sayının ciddi şəkildə azaldılmasına diqqət etmək olmalıdır. Yoxlamaların sayının minimuma endirilməsi, paralelçiliyin olmaması çox önəmlidir. Bəzən eyni yoxlama müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrılıqda həyata keçirilir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə qeyri-neft sektoru və müxtəlif sahələr yeni-yeni dirçəlməyə başlayır. Düşünürəm ki, yoxlamaların zəruri məqsədi olmalıdır. Məsələn, ilk olaraq təhlükəsizlik yoxlanmalıdır. Tutaq ki, bir tikinti şirkətinin tikinti qaydalarına riayət etməsi önəmlidir. Bundan əlavə, qida təhlükəsizliyi və ərzaq məhsullarının saxlanılması önəmlidir. Həmçinin büdcə daxilolmalarında yoxlamaların təmin olunması vacibdir. Yəni büdcə daxilolmaları dedikdə vergilər, pensiya fonduna ödənişlər düzgün şəkildə ödəniş təminatına baxmaq lazımdır. Bunların təmini olarsa, sahibkar üçün yoxlamalar kifayətdir".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov xatırladıb ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanun 2015-ci ildə imzalanıb: “Bu qanunun qəbul edilməsinin əsas səbəbi həmin dövrdə baş verən devalvasiyadan sonra sahibkarlıq sahəsində yaranmış problemlər və bu problemlərin artmasına yoxlamaların gizli təsir göstərməsi idi. Ona görə də ölkə başçısının təşəbbüsü ilə belə bir qanun Milli Məclisdə qəbul edildi və bu, ölkə başçısının sərəncamı ilə təsdiqləndi. O dövrdən sonra hər ilin əvvəlində bu qanun daha bir il müddətinə uzadıldı. Təbii ki, bu proses bir gün dayanacaq, yəni davamlı olaraq belə gedə bilməz. Digər bir məsələni də vurğulamaq istərdim ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının digər bir qanunu da mövcuddur. Bu qanun iki il əvvəl də imzalanmışdı. Bütün hallarda, dövlət olaraq sahibkarlıq subyektlərinin yoxlanılması istiqamətində nəzarətin maksimum səviyyədə olmasına çalışılır. Müxtəlif bürokratik əngəllər və administrativ maneələr müəyyən icra qurumlarının sahibkarlıq fəaliyyətləri üçün zamanında gizli problemlərin yaradıldığını göstərir. Ona görə də məhz yoxlamaların dayandırılması bir növ zərurətə çevrilmişdi. Prosesin öz ahəngində saxlanılması üçün hər il bu yoxlamaların dayandırılması bir il olmaqla uzadılır”.

Onun fikrincə, biznes ekosisteminin inkişaf etdirilməsi, sahibkarların problemlərlə üzləşməməsi, bürokratik əngəllərlə rastlaşmaması, qəsdən yaradılan maneələrlə üzləşməməsi və digər önəmli problemlərin aradan qaldırılması üçün bu qanunun uzadılması müsbət bir addımdır: "Eyni zamanda da müəyyən mənfi hallar olacaq. Bu yoxlamaların dayandırılmasından sahibkarlıq subyektləri sui-istifadə hallarına bəzən yol verirlər. Bu, həm dövlətin digər qanunvericilik aktlarının pozulması hesabına başa gəlir, eyni zamanda istehlakçıların hüquqlarının pozulması baş verir. Bütün hallarda müqayisəli təhlil zamanı yoxlamaların dayandırılması ölkə iqtisadiyyatı və sahibkarlıq ekosistemi üçün daha önəmlidir".

Chosen
21
hafta.az

1Sources