1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Prezident İlham Əliyev Çin televiziyasına müsahibəsində Azərbaycanın şaxələnmiş xarici siyasətinin yalnız siyasi münasibətləri deyil, həm də iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini əhatə etdiyini vurğulayır. Prezident ölkənin strateji tərəfdaşları ilə imzaladığı bəyannamələrin Azərbaycana geniş beynəlxalq dəstək qazandırdığını və bu prosesin yalnız Mərkəzi Asiya və Cənubi Qafqazla məhdudlaşmadığını qeyd edir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında böyük siyasi və iqtisadi təsirə malik olan ölkələrlə, xüsusilə Çin, Türkiyə, Özbəkistan və Avropa İttifaqı ilə əlaqələrini gücləndirmək məqsədi güdür:
![](https://static.cdnsb.net/afm/images/2025/02/13/16678929.jpg)
"Azərbaycanın Çinlə strateji tərəfdaşlıq üzrə imzaladığı bəyannamə ölkələr arasındakı qarşılıqlı etimad və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirib. Bu, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafına, habelə "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək verən ölkələr arasında da fəal əməkdaşlıq üçün təkan verir. Bu təşəbbüs çərçivəsində Azərbaycan Çinin Asiya və Avropanı birləşdirən mühüm nəqliyyat və ticarət dəhlizinin bir hissəsi kimi, öz yerini gücləndirir.
Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq bəyannamələrinin imzalanması Azərbaycanın Avropa ilə əlaqələrini dərinləşdirərək, iqtisadi və ticari sahələrdə daha çox əməkdaşlıq fürsətləri yaradır. Ötən il Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı Prezident İlham Əliyev vacib hadisələrdən biri kimi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı olduğunu qeyd etmişdi. Bu, "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. Azərbaycan daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməyə başladı. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 12 ölkəyə qaz nəql edir ki, onlardan 10-u Avropa ölkəsidir. Bu, Azərbaycanın ticarət, enerji və logistika sahələrində mühüm rolunu artırır və regionda daha geniş bir əməkdaşlıq platforması formalaşdırır. Türkiyə və Özbəkistan ilə imzalanan müttəfiqlik bəyannamələri isə Azərbaycanın bu ölkələrlə yalnız ikitərəfli əlaqələri deyil, həm də regional sabitlik və təhlükəsizliyi təmin etmək məqsədilə ortaq fəaliyyətlər göstərməyə davam etdiyini göstərir. Özbəkistanla əlaqələrin inkişafı, xüsusilə Mərkəzi Asiyada iqtisadiyyatın möhkəmləndirilməsi və əlaqələrin gücləndirilməsi baxımından vacibdir".
"Prezident, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşlığı statusu əldə etməsini və bu təşkilatla əməkdaşlığın genişləndirilməsini də vurğulayır. Bu, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı rolunu gücləndirir, eyni zamanda beynəlxalq münasibətlərdə daha geniş təsir gücü qazanmağa imkan verir. Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri, xüsusilə Çinlə enerji əlaqələrinin inkişafı, ölkənin gələcək iqtisadi inkişafına yönəlik əhəmiyyətli addımlardır. Bu cür strateji təşəbbüslər həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq və investisiyaları cəlbetmə bacarığını artırır", - deyə deputat vurğulayıb.
Mərahim Nəsib