EN

Dövlətin ailə, qadın və uşaq siyasətinin növbəti uğurları

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Qurumun sədri Bahar Muradova dövlətin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ötən müddətdə mühüm işlərin görüldüyünü qeyd edib. O, həyata keçirilən tədbir və layihələr, hazırlanan təhlillər və əldə olunan nəticələrlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.

B.Muradova müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində 8 sənəd layihəsinin təsdiq edildiyini, komitəyə daxil olan 12 sənəd layihəsinə rəy və təkliflər verildiyini, 31 fərman, dövlət proqramı, strategiya və milli fəaliyyət planının icra edildiyini, 4 müxtəlif mövzuda hesabat və təhlilin hazırlandığını vurğulayıb.

COP29 çərçivəsində “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” mövzusu üzrə dəyirmi masa, “İqlim dayanıqlılığı və sülh quruculuğunda gənclərin liderliyi” və “Şəffaflıqda gender” mövzularında keçirilən yüksək səviyyəli tədbirlərdən bəhs edən sədr İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) və Dövlət Komitəsi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalandığını da qeyd edib.

Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə, “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu, “Ailə–dəyişməyən dəyərimiz” mövzusunda Gənc Ailə Forumu haqqında məlumat verilib. “Ailəm könüllüləri” layihəsi, “Güclü cəmiyyətin zərif simaları”, “Sən tək deyilsən”, “Gənc qızların təhsilinə dəstək”, “Çempion ailələr”, “Mənim hüquqlarım” adlı təşviqat avtobusu, “Uşaqdan-uşağa” kimi layihələr də uğurla gerçəkləşdirilib.

2024-cü il ərzində uşaq və ailələrə dəstək mərkəzlərinin xidmətlərindən 25 min 354 nəfərin bəhrələndiyi, 890 ailəyə səfərlər təşkil edildiyi və 10 “Açıq qapı” günü keçirildiyi qeyd edilib. Ötən il komitəyə 3628 vətəndaş müraciətinin daxil olduğu, 12 region üzrə qəbullar keçirildiyi də bildirilib.

İclasda məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən işlər haqqında da məlumat verilib. B. Muradova ötən il bu istiqamətdə komitəyə 594 müraciətin daxil olduğunu bildirib və əlavə edib ki, 2020-ci illə müqayisədə son 5 il ərzində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı 3,3 dəfə artıb.

Vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb, bu əlaqələrin uğurla davam edəcəyinə əminlik ifadə edilib. Media nümayəndələri tərəfindən daxil olan 198 müraciətin təmin edildiyi, jurnalist və blogerlərin iştirakı ilə təlim proqramlarının, media turların təşkil olunduğu bildirilib.

Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova gender məsul şəxslərin fəaliyyətinin gücləndirilməsinin və bələdiyyələrə yeni seçilmiş qadınlara istiqamətlənən təlimlərin keçirilməsinin və gender komissiyalarının fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən söz açıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq, Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib.

2025-ci ilin birinci yarısı üçün qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edən aparat rəhbəri Ceyran Rəhmətullayeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər, ailələrin gücləndirilməsi və sağlam ailələrin formalaşmasına yönələn layihələr, qadın və uşaq hüquqlarının qorunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, uşaq iştirakçılığının artırılması, məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin təmin edilməsi və digər mühüm fəaliyyət istiqamətləri üzrə görüləcək işləri diqqətə çatdırıb.

Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın komitə yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun yaradılması ilə bağlı çıxışı dinlənilib.

Sonda müzakirə edilən məsələlər üzrə qərarlar qəbul edilib.

Zərifə BƏŞİRQIZI
XQ

Chosen
25
1
xalqqazeti.az

2Sources