EN

Azərbaycanaqıcanan dişlər və yaxud sirkənin öz qabını çatladan tündlüyü

Azərbaycanla Rusiya arasındakı münasibətlərdə soyuma müşahidə olunmaqdadır. Baxmayaraq ki, iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlər yüksək səviyyədə olub, ancaq Azərbaycana məxsus təyyarənin bu ölkənin ərazisində vurulması tərəflər arasında gərginliyin artmasına səbəb olub. Münasibətlərin korlanması o həddə çatıb ki, hətta ikitərəfli əməkdaşlıq barədə saziş bunun aradan qaldırılmasında heç bir rol oynaya biməyib, üstəlik qarşılıqlı ittihamlar pik həddə çatıb. Vəziyyət o səviyyəyə yüksəlib ki, Rusiyaya məxsus media subyektlərində ölkəmizə qarşı hədiyanlar, iftira və hədə-qorxuların səslənməsi adi hal alıb. Çox təəssüf ki, Azərbaycana qarşı təzyiq bəyənatları dövlət rəsmiləri, vətəndaş cəmiyyətləri və hətta ayrı-ayrı deputatlar tərəfindən səsləndirilir. Dövlət qurumlarının, xüsusən ali qanunvericilik orqanının "od üzərinə su səpmək" əvəzinə təzyiq dili ilə danışması heç şübhəsiz ki, siyasi etikaya sığmır. Etiraf edək ki, AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Azərbaycanın bəlli tələbi beynəlxalq hüquqa əsaslanır. Günahkarların cəzalandırılması və qəza nəticəsində zərərçəkənlərə kompensasiyanın ödənilməsi kimi aydın tələbin icrası ya iki dövlət arasında qarşılıqlı razılaşma əsasında, ya da beynəlxalq qanunlar çərçivəsində həllini tapmalıdır. Ancaq çığallıq edib məsuliyyətdən yayınmaq, üstəlik hədə-qorxu gəlməklə cinayəti ört-basdır etmək heç br dövlətin fəaliyyət prinsipi sayılmamalıdır. Əks halda dövlətlərarası münasibətlərin gərginləşməsi qaçılmaz olacaq. 

Rusiyanın nümayiş etdirdiyi mövqe deməyə əsas verir ki, Azərbaycanla bu ölkə arasında münasibətlərdə çatlar kifayət qədər dərinləşib. Xatırladaq ki, Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, sonradan rusiyalı deputatlar və ekspertlərin buna qoşulması vəziyyətin gərginləşməsinə xidmət edir. Rusiyanın baş verənlərə reaksiyası təkcə təzyiq xarakterli bəyənatlarla bitmir, eləcə də miqrantlar adı altında bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiqlərin artması ilə müşahidə olunur. Sanki Rusiyada azərbaycanlılardan başqa miqrant yoxdur və miqrant siyasəti yalnız bizim soydaşlarımızı hədəfə alıb. Qərəzli münasibət o həddə çatıb ki, hətta bəzi hallarda Rusiya vətəndaşı olan azərbaycanlılar da hədəfə çevrilir.

Azərbaycanda heç bir gərəyi olmayan, qeydiyyatsız fəaliyyət gösrtərən "Rus Evi"nin fəaliyyətinin dayandırılması Rusiya tərəfindən dəhşətli bir siyasi aksiya kimi qəbul olunub. Məlumdur ki, qanunsiz fəaliyyət göstərən istənilən qurumun qapadılması dövlətlərarası münasibətlərə heç bir xələl gətirə bilməz. Əksinə, belə məsələlər qarşılıqla anlaşma ilə qəbul olunmalıdır. Məlumat üçün qeyd edək ki, dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərmiş "Rus evi" ( Rossotrudniçestvo) 1925-ci ildə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən yaradılıb. "Yumşaq güc" kimi istifadə edilən bu "evlər" "Rusiya mədəniyyətini və ədəbiyyatını, rus dilini təbliğ etmək" adı altında ölkələrə Rusiya xüsusi xidmət orqanlarının rəsmi və qeyri-rəsmi əməkdaşlarını yerləşdirir, yerli şəbəkəni qurmağa və cəmiyyətdə Rusiya lehinə iş aparmağa məşğul olur. Xatırladaq ki, 2022-ci ildə Rusiya Ukraynaya hücum etdikdən sonra Avropa və digər ölkələrdə "Rus evi" və ya bu qəbildən olan rus mədəniyyət mərkəzlərinin fəaliyyəti dayandırılıb və ya məhdudlaşdırılıb. Bu ölkələr sırasında Latviya, Estoniya, Litva, Xorvatiya, Slovakiya, Polşa, Rumıniya, Çex Respublikası, Ukrayna, Fransa, Böyük Britaniya, Gürcüstan və s ölkələr var. Bu ölkələrin demək olar ki, hamısında Rusiyaya məxsus mədəniyyət mərkəzlərinin öz fəaliyyət istiqamətləri ilə deyil, casus fəaliyyəti ilə məşğul olduqları, ölkənin daxili işlərinə qarışdıqları əsas gətirilib. Azərbaycan tərəfi də " Rus evi"nin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib. Bundan sonra " Rus evi" fəaliyyətini dayandırıb. Azərbaycan da bu qərarını məhz milli maraqların qorunması üçün atdığını bildirib. "Rus Evi"nin fəaliyyətindəki şübhəli məqamlar isə kifayət qədər ciddidir. Analitiklər hesab edirlər ki, Azərbaycanın ABŞ-ın USAİD təşkilatına ehtiyacı olmadığı kimi, "Rus evi"nin də fəaliyyətinə ehtiyacı yoxdur. İstənilən ölkənin səfirliyində mədəniyyət məsələləri üzrə müşavir olur. Həmin müşavir nəsə tədbir keçirmək istəyirsə, bunu Azərbaycanın müvafiq strukturları ilə razılıq əsasında həyata keçirə bilər. Qeyd edək ki, Azərbaycan hökuməti, Bakıdakı "Rus Evi"nin (Rossotrudniçestvo) fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərib. Bu qərarın əsas səbəbi, "Rus Evi"nin Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə qeyd edib ki, "Rus Evi"nin qeydiyyatsız fəaliyyəti ölkənin qanunlarının ciddi şəkildə pozulması deməkdir. Çox təəssüf ki, Rusiya tərəfi "Rus Evi"nin qanunsiz fəliyyəti ilə məşğul olmaq əvəzinə, Azərbaycan üçün "etnik separatizm" hədəsinin olduğunu təbliğ etməklə məşquldur. 

Həmçinin Rusiyaya məxsus "Sputnik"in Azərbaycandakı fəaliyyəti ictimaiyyət tərəfindən hər zaman ciddi suallar doğurub. Bizim müxtəlif media orqanlarında bu haqda çox ciddi faktlara əsaslanan yazılar dərc olunub. Təəssüf ki, 2015-ci ildə "Sputnik"in fəaliyytinə geniş imkanlar yaradılıb və onlar da yaradılan imkanlardan Azərbaycan əleyhinə gen-bol istifadə ediblər.
 "Sputnik"in Azərbaycanda fəaliyyəti informasiya resursundan çox kəşfiyyat  və təbliğat xarakterli olmaqla, milli maraqlarımızla uzlaşmayan fəaliyətdir. Ümumilikdə görünən mənzərə ondan ibarətdir ki, Azərbaycanın son hadisələrə münasibəti şovinist qüvvələrin fəallaşmasına səbəb olub. Millətçi, revanşist qüvvələr hazırki stiuasiyadan maksimum "yararlanmağa" çalışırlar. Azərbaycan isə öz mövqeyində qətidir, istəyi və tələbini açıq şəkildə ortaya qoyub.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
olaylar.az

1Sources