EN

Təbrizdən Bakıyadək: İki gizli adla fəaliyyət göstərdi, sonda general oldu

Hələ yeniyetmə ikən “Həqiqətin tarixi və tarixin həqiqəti” deyimini tez-tez eşidirdim. Vaxt ötüşdükcə, irəlidə müşahidə etdiklərim bu ifadənin kübarlığını müfəssəl anlamağa yardımçı olurdu. Bunun ilk qavramını müqəddəs amal uğurunda mübarizəyə atılanların timsalında gördüm. Elə bu dəfə də Azərbaycan İstiqlal Muzeyində olarkən yaddaşım yeniləndi – “Tarixin həqiqəti”nin sehrinə düşdüm. Bu saxlancda gələcək nəsillər üçün qorunan unudulmaz şəxslərə aid hər bir əşya - eksponat sözsüz ki, bizlər üçün də dəyərlidir. Uzun illər mübarizə meydanlarında olan, şimallı qardaş və bacıları ilə qovuşmaq üçün mücadilə verən general-mayor Cəfər Kaviana aid miraslar hər kəs kimi mənə də nostalji hislər yaşatdı.

Qəhrəmanımız Güney Azərbaycanın milli hökumətinin ordu naziri kimi, tarixin yaddaşında əbədi yer tutanlardandır. Ona aid əşyaların hər biri şərəfli həyat yolu, qorxmazlıq və cəsurluq mücəssəməsinin nişanələri kimi gözə dəyir. Burada tarixin aurasına düşməmək mümkünsüzdür. Burada ikən tarixlə "həmsöhbət" olmağı fürsət bilib, eksponat guşəsində gördüyüm əşyalar barədə bircə-bircə məlumat almağa çalışıram.

Əvvəlcə öyrənirəm ki, general mübarizə meydanına atıldığı vaxtdan bəri iki gizli adla fəaliyyət göstərib. Gənclik illərində hər kəs onu adını Məşədi Cəfər kimi bilib. Milli hökumətin qoşunlar vəziri olduqdan sonra isə o, Cəfər Kavian kimi tanınmağa başlayıb. 1895-ci ildə Təbriz şəhərində dünyaya gələn bu azərbaycanlının həyatı şərəfli olduğu qədər həm də kədərli keçib.

Tarixi sənədlər, yazışmalar, nadir fotoşəkillər, hərbi geyimlər, orden və medallar, qılınc və digər əşyaların görünüşü baxdıqca insanı sehrləyir. Amalı uğurunda getdiyi yoldan dönməyən belə qəhrəmanların həyatı gənc nəslin iftixar yeridir. Muzeydə ikən bir çox ziyarətçinin bu guşədə xeyli ayaq saxladığının şahidi olduq. Sənət məbədinin əməkdaşları generalın əşyaları barədə onlara dolğun məlumat verirdi. Kolleksiyada yer alan qılıncın görünüşü hər kəs kimi mənim də nəzərimi çəkdi.

Qılınc sanki Azərbaycanın mübarizə və qəhrəmanlıq tarixinin rəmzi təəssüratını yaradır. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda “21 Azər” hökuməti qurulan zaman fars ordusunda xidmət edən türk əsilli Ələkbər Deraxşani Cəfər Kaviyanın yanına gəlir, belindəki silahı və qılıncını ona verərək, “biz Təbrizi sizə təslim edirik” deyir. Bəli, kolleksiya arasında yer alan qılınc o qılıncdır. Generala məxsus əşyaları 2015-ci ildə muzeyə oğlu Marks Kavian təhvil verib. Kolleksiyada qorunan “Səttarxan” ordeni, “21 Azər” medalı generalın qəhrəmanlığının nişanələridir. “Səttarxan” ordeni tarixdə 10 adama verilib, “21 Azər” medalını 20 mindən çox insan alıb ki, hər iki medaldan biri Cəfər Kavianın payına düşüb.

Onun muzeydə saxlanılan tərcümeyi-halı da maraqlı tarixi məqamlara işıq tutur. Burada qeyd olunur ki, general inqilabi fəaliyyətə 1908-ci ildən, on üç yaşında bir fədai kimi Səttarxan hərəkatında başlayıb. İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb, Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri də o olur. 1930-cu ilin sonlarında kommunist adı ilə həbsə atılan Cəfər olduqca çətin günlər yaşayır. 6 il 7 ay “Qəsri-Qacar” zindanının qalın divarları, dəmir qapıları onun mübarizə əzmini qıra bilmir. Qəddar şah hakimiyyəti həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. Sovet ordusu İrana gəldikdən sonra Cəfər 1941-ci ildə sürgündən azad edilir.

1944-cü ilə qədər Təbrizdə müxtəlif təşkilat və partiyaların yaradılmasında iştirak etdiyini yazan general qeyd edir: “Xalq partiyasının Təbriz komitəsinin üzvlüyünə seçilmişəm. 1945-ci ildə Azərbaycan Demokratik Partiyasının təşkil olunmasından sonra, həmin partiyanın mərkəzi komitəsinin üzvü olmuşam. Azərbaycanda partizan hərəkatının başçılığı mənə tapşırılmışdı. Milli hökumətin təşkili ərəfəsində hərbi nazir təyin olunaraq, general rütbəsinə yüksəlmişəm. Göstərdiyim xidmətlərin nəticəsi olaraq Azərbaycan milli hökumətinin və milli məclisinin qərarı ilə “Səttərxan” ordeni və “21 Azər” medalı ilə təltif olunmuşam”.

Marks Kavianın ailəsinin Bakıya gəlişi və burada qarşılaşdıqları çətinlikləri qələmə aldığı xatirələrdə insanı təsirləndirən xeyli hekayələr var. 1946-cı ilin dekabr ayında Naxçıvana, orada 15 gün qaldıqdan sonra Bakıya gəldiklərini qeyd edən M.Kavian yazır:

“Bakıya gəldikdən 15 gün sonra Mircəfər Bağırov Zaqulbadakı bağında atamgilə qonaqlıq verdi. Qonaqlıqda atam ilə yanaşı, Pişəvəri, Padiqan, Qiyami, Molla Mustafa Bərzani, general Pənahiyan, general Azər, Qulam Yəhya, yerlilərdən isə Atakişiyev, Mirzə İbrahimov, Səməd Vurğun iştirak edirdilər. Məclisi Səməd Vurğun aparırdı, Bülbül isə hərdən mahnılar oxuyardı. Yarım saatdan sonra Mir Cəfər Bağırov atamı çağırdı və təkbətək söhbət etməyə başladılar. O, hərb məsələləri ilə maraqlanırdı. Sonra o, atama sual verdi. “Mən eşitmişəm ki, siz oğlunuzu Təbrizdə güllələmək istəmisiniz”. Atam o dəqiqə başa düşür ki, kimsə bu barədə ona məlumat ötürüb. Atam isə “yoldaş Bağırov mənim oğlum bilmədən günahsız iş yoldaşını öldürmüşdü. Mən bunu eşidən kimi gəlib evimizdə oğlumu güllə ilə vurmaq istəyirdim, ancaq məni qoymadılar. Onu o dəqiqə həbs etdirdim. Bir müddətdən sonra ölənin qardaşı və qohumları şikayət etmədikləri üçün məhkəmə oğlumu təqsirsiz bilərək, onu şallaq vurmaq ilə əvəzlədi. Ancaq mən onun Təbrizdə qalmasını istəməyib, Bakıya hərbi məktəbə göndərdim”, - deyə atam vəziyyəti izah eləyib.

Chosen
9
1
publika.az

2Sources