EN

Qlobal ədalətsizlik: Beynəlxalq hüquq yalnız kağız üzərində mövcud olduqda...

Beynəlxalq hüquq dövlətlərarası münasibətlərin tənzimlənməsi və münaqişələrin həlli üçün nəzərdə tutulsa da, son illərdə baş verən silahlı münaqişələr onun effektivliyini sual altına qoyur.

Xüsusilə, Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin münaqişəsi beynəlxalq hüququn tətbiqində ikili standartların və siyasi maraqların rolunu bir daha üzə çıxarıb. Bu münaqişələr beynəlxalq hüququn əsas prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi fundamental dəyərlərin pozulmasına gətirib çıxarıb. Beynəlxalq təşkilatların və məhkəmələrin bu pozuntulara qarşı atdığı addımlar isə çox vaxt yetərli olmur və siyasi maraqlarla məhdudlaşır. Bu kontekstdə beynəlxalq hüququn nə dərəcədə icra oluna bildiyini və onun real təsir gücünü təhlil etmək vacibdir.

Bəs bu istiqamətdə beynəlxalq hüququn tətbiqindəki əsas maneələr nələrdir? Bu hüququ daha effektiv hala gətirmək üçün hansı islahatlar aparılmalıdır?

Bakıvaxtı.az-ın mövzu ilə bağlı suallarını hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüququn pozulmasının bariz nümunələrindən biridir. Onun sözlərinə görə, 2014-cü ildə Rusiya Federasiyası Krımı ilhaq edərək Ukraynanın ərazi bütövlüyünü pozub, 2022-ci ildə isə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb:

"BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsasən, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Lakin Rusiyanın bu prinsipləri pozmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması beynəlxalq hüquqi tədbirlərin qarşısını alıb. Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın hərbi cinayətlərini araşdırsa da, məhkəmənin qərarlarının icrası zəif qalır və hüquq normalarının real təsir gücü məhdud görünür".

Rüstəm Əzimzadə: Beynəlxalq hüquq yalnız kağız üzərində tətbiq olunmamalıdır

Müsahibimiz bildirib ki, İsrail-Fələstin münaqişəsi də beynəlxalq hüququn tətbiqi baxımından ciddi problemləri ortaya qoyur. Həmsöhbətimiz deyib ki, İsrailin Fələstin ərazilərində məskunlaşma siyasəti və hərbi əməliyyatları beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına zidd hesab edilir. Buna baxmayaraq, BMT və digər beynəlxalq təşkilatlar İsrailin bu addımlarını dayandırmaq üçün effektiv mexanizmlər yarada bilməyib. Xüsusilə, ABŞ və digər dövlətlərin İsrailə siyasi və hərbi dəstəyi BMT-nin qəbul etdiyi qərarların icrasını çətinləşdirir. Beynəlxalq məhkəmələrdə aparılan hüquqi işlər çox vaxt siyasi maraqlar fonunda təsirsiz qalır və beynəlxalq hüququn tətbiqində ikili standartların olduğunu göstərir:

"Beynəlxalq hüququn tətbiqindəki əsas problemlərdən biri geosiyasi maraqların və güc balansının hüquq sisteminin obyektiv işləməsinə mane olmasıdır. Güclü dövlətlər öz maraqlarına uyğun olaraq beynəlxalq hüquq normalarını pozur və buna görə cəzalandırılmır. BMT və digər beynəlxalq institutların hüquqi qərarları yerinə yetirməkdə məhdud imkanlara malik olması da bu sistemin zəif tərəflərindəndir. Beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğu və bəzi dövlətlərin hüquqdan yalnız öz maraqlarına uyğun istifadə etməsi qlobal ədalətsizliyə səbəb olur".

R.Əzimzadə onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin münaqişəsi beynəlxalq hüququn tətbiqində ciddi boşluqların olduğunu göstərdi: 

"Bu nümunələr sübut edir ki, beynəlxalq hüquq yalnız kağız üzərində mövcud olduqda və onun icrası siyasi maraqlara tabe olduqda, qlobal ədalət və təhlükəsizlik təmin edilə bilmir. Güclü dövlətlər və onların müttəfiqləri beynəlxalq hüquq normalarını pozduqda cəzasız qalır, bu isə hüququn selektiv tətbiqinə və ikili standartların dərinləşməsinə səbəb olur. Mövcud beynəlxalq hüquq sistemi daha effektiv və universal tətbiq olunmalıdır. Bunun üçün BMT və digər beynəlxalq təşkilatların qərarlarının məcburi icrası üçün güclü mexanizmlər yaradılmalı, veto hüququ kimi alətlərdən sui-istifadə halları minimuma endirilməlidir".

Əli Hüseynov

Chosen
6
bakivaxti.az

1Sources