Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır.
Busaat.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Bundan əlavə, ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma və çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə də cərimələr artırılır.
Belə ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra icra hakimiyyəti orqanına gəlməməsinə görə yüz manat məbləğində cərimə ediləcək.
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək.
Bundan əlavə, hərbi qeydiyyat qaydalarının pozulmasına görə də cərimələr artırılır.
Belə ki, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə yüz manat məbləğində cərimə ediləcək.
Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunacaq.
Yuxarıda göstərilmiş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunacaq.
Bundan əlavə, hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsi və hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə də cərimələr artırılır.
Bekə ki, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq və ya iki yüz manat məbləğində cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.
Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək.
Dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar müvafiq icra hakimiyyəti tərəfindən orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə ediləcək.
Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Silahlı Qüvvələrə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsinə əsasən, həmçinin hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı genişləndirilir.
Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Yuxarıda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələr” dedikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baxılan və həmin orqan (qurum) tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.
Qüvvədə olan qanunvericiliyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsində nəzərdə tutulan hal (ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə otuz manat məbləğində cərimə edilir) istisna olmaqla qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə əlli manat məbləğində cərimə edilir. Təklif edilən dəyişikliklə rayon (şəhər) məhkəmələri bu inzibati xəta haqqında işlərə də baxa biləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.