EN

Murat Karimsakov: "Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı TDT ölkələrinin inteqrasiyasının əsas amilidir"

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətidir.

“Far.Az” xəbər verir ki, bunu Qazaxıstanın Xarici Ticarət Palatasının sədri Murat Karimsakov "Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadi çağırışlar şəraitində biznes TDT ölkələrinin iqtisadiyyatının davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır.

"Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində ticari-iqtisadi əməkdaşlığın səmərəli mexanizmlərini qurmaq, investisiya əməkdaşlığını gücləndirmək və biznes səylərini birləşdirmək son dərəcə vacibdir. Bu, iqtisadiyyatlarımızın davamlı inkişafı üçün möhkəm təməl yaradacaq", - sədr qeyd edib.

M.Karimsakovun fikrincə, nəqliyyat və logistika sahəsində əməkdaşlığın, elektron ticarətin inkişafına və infrastrukturun modernləşdirilməsinə, həmçinin texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının dərin emalı, neft-kimya və qaz-kimya perspektivli istiqamətlər olaraq qalır.

"İnvestisiyaların cəlb edilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması üçün zəruri olan hər cür şərait yaradılmalıdır. TDT-nin əsas vəzifələrindən biri yüksək texnoloji sahələrin inkişafı, innovativ fəaliyyətin stimullaşdırılması və qabaqcıl texnologiyaların tətbiqidir. Bu baxımdan Türk İnvestisiya Fondu strateji təşəbbüs və layihələrə maliyyə dəstəyi aləti kimi mühüm rol oynayacaq", - o vurğulayıb.

M.Karimsakov qeyd edib ki, türkdilli dövlətlərin malik olduğu əhəmiyyətli iqtisadi, coğrafi və demoqrafik potensial bütün regionun inkişafının güclü drayveri olmaq iqtidarındadır.

"Ticarət əlaqələrinin möhkəmləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun inkişafı, texnoloji mübadilə və müəssisələrin əməkdaşlığı üzrə birgə fəaliyyət yeni artım nöqtələrinin yaradılmasına və ölkələrimizin iqtisadiyyatının davamlı inkişafına töhfə verəcək", - o, sonda əlavə edib.

Chosen
9
2
far.az

3Sources