EN

Premyer Liqa klubunda yeni sponsor - Sövdələşmə şərtini BİZDƏN ÖYRƏNİN!

“Sumqayıt” ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb.

“Gənclik şəhəri“ təmsilçisinin mətbuat xidməti saytımızın günlər öncə yaydığı xəbəri, nəhayət, bu gün rəsmən açıqlayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Sumqayıt”ın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs eləyib.

O bildirib ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək.

R.Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.

Daha sonra “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov çıxış edib.

O da öz növbəsində bu əməkdaşlıqdan məmnun olduqlarını, həm Sumqayıt şəhərinin idman həyatına, həm də ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb.

F.Əhmədov bu yöndə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklərini söyləyib.

Daha sonra iki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.

Razılaşmaya əsasən, “Sumqayıt”ın təlim-məşq bazası bundan sonra “SOCAR Polymer Arena” adlanacaq.

Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “SOCAR Polymer” brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək.

Bundan əlavə, klubun rəsmi oyun formalarında “SOCAR Polymer” şirkətinin loqosu həkk olunacaq.

Yeni tərəfdaşlıq “Sumqayıt“ın maddi rifahını yaxşılaşdıracaq. “Kimyaçılar“ bu sövdələşmədən kifayət qədər vəsait qazanacaq.

Belə ki, “SOCAR Polymer” hər il klubun büdcəsinə 400 min manat köçürəcək.

SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources