EN

Könüllülər üçün "Sabahın kənd təsərrüfatı - qış məktəbi" layihəsi həyata keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi və "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Sabahın kənd təsərrüfatı - qış məktəbi" layihəsi həyata keçirilib. Layihənin məqsədi aqrar sektorda könüllülərin bilik və bacarıqlarını artırmaq, aqrar sahədə müasir yanaşmalar və innovasiyalar barədə məlumatlandırmaq, qış mövsümündə təsərrüfatlarda görülən aqrotexniki tədbirlərlə tanış etməkdir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihənin ilk mərhələsində könüllülərin aqrar biliklərə yiyələnmələrini təşviq etmək məqsədilə təlimlər təşkil olunub. Təlimlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Elvin Ağayev "Aqrar sektorda rəqəmsal innovasiyalar və yeni trendlər" mövzusunda, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin əməkdaşı Aytac İbadova isə "Kənd Təsərrüfatı Nazirliyi və aqrar sahədə könüllülük fəaliyyəti" mövzusunda məlumatlar verib. Təlimlərdə, həmçinin “Respublika Süni Mayalandırma Mərkəzinin fəaliyyət istiqamətləri” və “Gənclərin kənd təsərrüfatında iştirakının artırılması: təşkilatçılıq və liderlik” mövzusunda təqdimatlar keçirilib.

Layihənin ikinci mərhələsində könüllülər üçün aqrar sahədə fəaliyyət göstərən qabaqcıl müəssisələrə ekskursiyalar təşkil olunub. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-Təcrübə Təsərrüfatı Kompleksi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Respublika Süni Mayalandırma Mərkəzi, Gəncə şəhər Ekoloji Park Kompleks və Göygöl Şərab Zavoduna infoturlarda layihə iştirakçıları müəssisələrdə tətbiq edilən müasir kənd təsərrüfatı texnologiyalarının praktiki istifadəsi ilə tanış olublar.

Layihə çərçivəsində könüllülər üçün "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Daha sonra iştirakçılar Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində ağacəkmə aksiyasından iştirak ediblər.

Chosen
48
1
azertag.az

2Sources