EN

“Azərbaycan və Somali prezidentlərinin görüşü iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoydu” – Mahir Süleymanlı

Fevralın 12-də Bakıda Azərbaycan və Somali prezidentlərinin görüşü iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoydu. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları arasında aparılan müzakirələr, imzalanan sənədlər və qarşılıqlı dəstək bəyanatları gələcək əməkdaşlığın strateji perspektivlərini müəyyən etdi.
Bu rəsmi səfər Azərbaycan və Somali arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında səfəri tarixi hadisə kimi qiymətləndirərək, bu görüşün ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını vurğulayıb.
İmzalanmış sənədlər iki ölkə arasında müxtəlif sahələrdə – iqtisadi, siyasi, müdafiə və humanitar istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir. Hər iki lider ölkələrinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstəklərini ifadə edərək, təhlükəsizlik və sabitlik məsələlərinin strateji əhəmiyyətini qeyd etdilər.
Görüşdə təhsil sahəsində əməkdaşlığın inkişafı xüsusi vurğulanıb. Azərbaycan Prezidenti bildirib ki, hazırda Somali tələbələri Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində ölkəmizdə təhsil alır və bu sayın artırılması planlaşdırılır. Bu təşəbbüs Somalidə insan kapitalının inkişafına töhfə verəcək və gələcəkdə ikitərəfli münasibətlərin güclənməsinə xidmət edəcək.
Azərbaycan və Somali arasında iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə mövzusu oldu. Azərbaycan nümayəndə heyətinin bir həftə əvvəl Somaliyə səfəri zamanı gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması ilə bağlı məsələlər araşdırılıb. Görüş zamanı hər iki ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynaya biləcək sahələr – infrastruktur, liman qurğuları və kənd təsərrüfatı xüsusi vurğulanıb.
Somali Prezidenti kənd təsərrüfatı sahəsində ölkəsinin böyük potensiala malik olduğunu qeyd edib. Bu baxımdan, Azərbaycan təcrübəsi və investisiyaları ilə Somalinin kənd təsərrüfatının inkişafına töhfə verə bilər.
Müdafiə sahəsində əməkdaşlıq Azərbaycan-Somali münasibətlərinin yeni istiqamətlərindən biri kimi dəyərləndirilir. Görüş zamanı tərəflər bu sahədə birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Somali Prezidenti Azərbaycanda müdafiə sənayesinin imkanları ilə yaxından tanış olub və gələcəkdə bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər.
Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi döyüş təcrübəsi və yüksək peşəkarlıq səviyyəsi nəzərə alınaraq, Somali ordusunun hazırlığı üçün Azərbaycanla təlim proqramlarının həyata keçirilməsi imkanları araşdırılır.
Azərbaycanın dövlət idarəetmə sahəsində uğurlu təcrübələrindən biri olan ASAN Xidmət modeli Somali üçün maraqlı nümunə kimi təqdim edilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu modeli Somali ilə bölüşməyə və həmin ölkədə analoji xidmət sisteminin qurulmasına dəstək verməyə hazırdır. ASAN Xidmətin göstərdiyi nəticələr və vətəndaş məmnuniyyəti bu təcrübənin Somali üçün də faydalı ola biləcəyini göstərir.
Görüş zamanı Azərbaycan və Somali beynəlxalq təşkilatlarda bir-birinə dəstək vermək öhdəliyini bir daha təsdiqlədilər. Bu çərçivədə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq perspektivləri müzakirə olunub. Hər iki ölkə üçün regional və qlobal siyasətdə dost və tərəfdaş ölkələrin dəstəyinin vacib olduğu vurğulanıb.
Azərbaycan və Somali arasındakı münasibətlərin inkişafı hər iki ölkə üçün yeni imkanlar açır. Təhsil, investisiya və müdafiə sahələrində birgə layihələr qarşılıqlı fayda verərək iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Bu strateji əməkdaşlığın gələcək inkişafı iki ölkənin maraqlarına xidmət edəcək və regionda yeni tərəfdaşlıq nümunəsi yaradacaq.

 

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Chosen
4
3
7times.az

4Sources