EN

Salyanda həbsdən çıxan kişi qonşusunun evini yandırdı: “Əxlaqsız hərəkətlərini görmüşdü” - TƏFƏRRÜAT

  Salyan rayonunda 1981-ci il təvəllüdlü Vahid qonşusu Südabənin (adlar şərti verilib – red.) əmlakını məhv eləməkdə ittiham edilib.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, Vahid qonşu Südabənin mütəmadi şəkildə onun arvadının nalayiq hərəkətlər etməsi ilə bağlı ayrı-ayrı şəxslərə danışmasından qəzəblənib və qisas almaq qərarına gəlib.

Bu məqsədlə 2023-cü il iyulun 6-da saat 6 radələrində Südabə və onun əri Tapdığın 3 otaqlı mənzilində uşaq otağının plastik materialdan olan pəncərə çərçivəsini təpiklə vuraraq açıb, yarımlitrlik butulkada olan benzini otağın içərisinə töküb. Alışqanla ora od vurub, hadisə yerindən uzaqlaşıb.

Kənar şəxslərin çağırdığı yanğınsöndürmə briqadası yanğını söndürüb. Ümumilikdə 5500 manat qiymətində məişət əşyaları yanıb. Mənzilin 8176 manat təmir xərcləri də daxil olmaqla Südabə və əri Tapdığa ümumilikdə 14416 manat maddi ziyan dəyib.

Bundan başqa, Vahid narkotik vasitə heroini əldə edib.

Vahid Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin il avqustun 22-də yaşadığı binanın qarşısında saxlanılıb.

Bu zaman onun qanunsuz narkotik vasitə əldə etməsinə, üzərində saxlamasına və daşımasına dair əsaslı şübhələr müəyyən edilib. Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı ondan 1,445 qram olan kustar üsulla hazırlanmış heroin aşkar edilib.

“Münasibətlərimiz yaxşı olmayıb”

İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 29, 186.2.2 (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd), 186.2.2 (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Südabə binanın 1-ci mərtəbəsində, mən isə 4-cü mərtəbədə yaşayıram. Heç bir qohumluq əlaqəmiz yoxdur. Lakin qonşu kimi Südabə və əri Tapdıqla münasibətlərimiz yaxşı olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə narkotik vasitə saxladığı üçün həbs olunub və azadlıqdan məhrum edilib: “Həbs edilənə qədər Südabə ilə arabir mübahisələrimiz olurdu. Lakin buna əhəmiyyət vermirdim.

Cəza çəkdiyim vaxt arvadım Sevil görüşə gələndə Südabənin tez-tez onunla və azyaşlı uşaqlarımla kobud davrandığını, mübahisə etdiklərini dedi. Hətta bir dəfə cəzaçəkmə yerində telefonla danışmaq vaxtında Südabənin əri Tapdığa zəng edərək bu barədə xəbərdarlıq etdim ki, arvadının mənim ailəmlə işim olmasın”.

“Guya arvadımın əxlaqsız hərəkətlərini görüb”

Vahidin sözlərinə görə, 2023-cü ilin fevralında cəza müddəti başa çatdığı üçün evinə qayıdıb: “Sonrakı müddətdə Südabə və əri ilə mübahisələrimiz olmadı. Aprel ayında 2 ay müddətinə inzibati qaydada həbs edildim. May-iyun aylarında dəqiq bilmədiyim vaxtda azyaşlı uşağım xəstələndiyi üçün arvadım Sevil qonşuluqda yaşayan Ləmana zəng edərək dərman istəyib. Gecə vaxtı olduğu üçün Ləmanın əri Ceyhun evimizə gələrək dərmanı arvadıma verdikdən sonra gedib.

Geri qayıtdığı vaxt Südabə pilləkəndə Ceyhunun qarşısını kəsərək guya evimə arvadımın yanına gəldiyini deyib, səs-küy salıb və bütün bina sakinləri mübahisəyə şahid olublar. Ertəsi gün qayınatam və qaynanam Südabənin evinə gedib iradlarını bildiriblər. Südabə isə guya arvadımın əxlaqsız hərəkətlərini gördüyünü deyib”.

Vahid bildirib ki, iyun ayında inzibati həbsdən çıxdıqdan sonra da Südabə onun ailəsi barədə nalayiq formada danışmağa davam edib: “Məhəllədə hamıya mənim narkoman olduğumu, evimə gələn şəxslərə narkotik satdığını deyirdi. Hətta evimə gələn şəxslərlə pilləkəndə və ya blokda rastlaşdıqda onlarla kobud davranırdı”.

“Törətdiyim əməldən peşmanam”

Vahid qeyd edib ki, 2023-cü il iyulun 5-də axşam saatlarında evə gələrkən blokun qarşısında qonşuluğunda yaşayan adını bilmədiyi bir qadın onu səsləyib, Südabənin Sevili başqa kişilərlə gördüyünü və bunu hamıya danışdığını deyib: “Evdə arvadım Sevillə mübahisə etdim. Gecə Sevil küsərək uşaqları da götürüb atası evinə getdi.

Artıq Südabənin arvadım barəsində nalayiq formada danışmağından təngə gəlmişdim. Ertəsi gün iyulun 6-da səhər saat 6 radələrində yuxudan oyandığım vaxt həddən artıq əsəbi olduğum üçün Südabə və əri Tapdıqla danışmaq üçün onların yaşadığı mənzilə gəldim. Qapını bir neçə dəfə döysəm də, açan olmadı. Bu zaman əsəblərimi cilovlaya bilmədim, evdə heç kəsin olmadığını düşünüb mənzili yandırmaq qərarına gəldim. Öz mənzilimə qalxdım, 0,5 litrlik plastik butulkada olan benzini götürərək yenidən aşağı düşdüm və binanın qarşısında mənzilin pəncərəsinin qarşısındakı su hovuzunun üstünə çıxdım.

Plastik materialdan olan pəncərə çərçivəsini təpiklə vurduqda pəncərə açıldı. Mən yenə ucadan Südabəni və əri Tapdığı bir neçə dəfə səsləyərək çağırdım. Lakin bu dəfə də cavab verən olmadığını gördüm. Evdə heç kimin olmadığına tam əmin olduqda butulkanın qapağını açdım, benzini pəncərədən mənzilin içərisinə səpələdim. Cibimdən alışqan çıxardım və boş qalmış plastik butulkanı yandıraraq pəncərədən mənzilin içərisinə atdım.

Benzinin təsirindən otağın içərisi ani şəkildə alışaraq yanmağa başladı. Hovuzun üzərindən düşdüm və yanan mənzilə tamaşa etməyə başladım. Binanın blokundan çıxan üzbəüz qonşu Səftər məni gördü. Məndən Südabənin evini nəyə görə yandırdığımı soruşdu. Cavab vermədən oradan uzaqlaşaraq getdim.

Bir az sonra geri qayıdanda yanğınsöndürmə xidməti əməkdaşlarının yanğını söndürdüklərini gördüm.

Südabə mənim arvadımın əxlaqsız olması barədə qonşulara yalan danışdığı üçün qisas almaq məqsədilə onun mənzilini yandırmışam. Məqsədim mənzili tamamilə yandırmaq idi. Buna baxmayaraq, törətdiyim əməldən peşmanam”.

“Qızıl-zinət əşyaları oğurlanıb”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Südabənin sözlərinə görə, son 6 ildir əri və 2 azyaşlı uşağı ilə birlikdə qeyd olunan binada yaşayırlar: “Ərim Tapdıq Bakı şəhərində bağ evində bağban işlədiyi üçün orada qalırdı.

2023-cü il iyunun 27-də azyaşlı uşaqlarımla Bakı şəhərinə ərimin yanına getdim. İyulun 5-də qonşu mənzildə yaşayan Samirə zəng edərək Vahidlə aralarında mübahisə baş verdiyini, Vahidin həm Samirənin, həm də mənim evimi yandıracağı ilə hədələdiyini dedi. Vahidin bu kimi hədələrinə əhəmiyyət vermədim. Samirəyə dedim ki, Vahid məni qorxutmaq üçün belə deyib.

Lakin iyulun 6-da, səhər saat 6 radələrində Bakı şəhərində olduğum vaxt 2-ci mərtəbədə yaşayan qonşumuz ərim Tapdığa zəng edərək mənzilimizdə yanğın baş verdiyini dedi. Biz dərhal Bakı şəhərindən çıxaraq Salyana yola düşdük. Yolda olarkən Samirə zəng edərək Vahidin bizim mənzilimizi yandırdığını və mənzilin qarşı tərəfindən həyətə tullanaraq qaçdığını gördüyünü dedi. Mən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdim.

Salyan şəhərinə çatanda məlum oldu ki, mənzil içində olan əşyalarla birlikdə yanıb, yanğınsöndürmə əməkdaşları vaxtında gəldikləri üçün yanğının qonaq otağına və qonşuların mənzilinə keçməsinin qarşısı alınıb. Bu səbəbdən qonaq otağına və həmin otaqda olan əşyalara heç bir zərər dəyməyib.

Yangın söndürüldükdən sonra məlum oldu ki, mənzil tam yararsız hala düşüb və burada yaşamaq mümkün deyil. Mənzilin mətbəxi, dəhlizi və yataq otağı içərisində olan əşyalarla birlikdə yanaraq tam yararsız hala düşüb. Yataq otağındakı qızıl-zinət əşyalarını saxladığım paltar dolabına baxdıqda isə məlum oldu ki, dolabda qutuda saxladığım qızıl-zinət əşyalarım oğurlanıb”.

Zərərçəkmiş qeyd edib ki, hadisənin baş verdiyi gündən sonra Vahid bir neçə dəfə ona və əri Tapdığa zəng edərək mənzili yandırdığına görə peşman olduğunu, onu bağışlamaqlarını və vurduğu ziyanı hissə-hissə ödəyəcəyini deyib:

“Mən və ərim Vahidə dedik ki, yalnız yanmış əmlakı verdikdən, ziyanı ödədikdən sonra barışacağıq. Lakin bu günədək Vahid bizə heç bir ziyan ödəməyib. Bizim yaşadığımız mənzil ərim Tapdığa məxsusdur və Tapdıq həmin mənzili 2017-ci ildə 16000 manata alqı-satqı müqaviləsi əsasında alıb”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Chosen
41
2
referans.az

3Sources