EN

Türk İnvestisiya Fondu ilk layihələri maliyyələşdirməyə hazırlaşır

Bu ilin may-iyun aylarından Türk İnvestisiya Fondunun (TİF) ilk layihələri maliyyələşdirməyə başlaması gözlənilir.

Bunu "Report"a açıqlamasında Fondun prezidenti Bağdat Amreyev bildirib.

Onun sözlərinə görə, TİF-ə təqdim edilmiş layihələr qiymətləndiriləcək, daha sonra isə onlara maliyyə dəstəyi veriləcək.

"İlk növbədə, biz birgə layihələrə diqqət yetirəcəyik. Çünki bu fond iqtisadiyyatımızı birləşdirmək, sahibkarlarımızın potensialını bir araya gətirmək üçün, türk dövlətləri arasında ticarəti və investisiya mübadiləsini asanlaşdırmaq məqsədilə yaradılıb. İqtisadi inteqrasiyaya xidmət edən layihələr bizim diqqət mərkəzimiz və prioritetimiz olacaq. Bu layihələr infrastruktur, logistika, sənaye, rəqəmsallaşma və bir çox sahələrdə ola bilər. Biz kiçik və orta sahibkarlığı maliyyələşdirəcəyik”, - deyə B.Amreyev qeyd edub.

O, əlavə edib ki, Fond inkişaf bankı kimi fəaliyyət göstərəcək: “Biz artıq Dünya Bankı, Avropa İnfrastruktur və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qatar Fondu, Səudiyyə Ərəbistanı Fondu, Küveyt Fondu kimi regional və beynəlxalq maliyyə qurumları ilə konstruktiv dialoq və əməkdaşlıq qurmuşuq. Həmçinin, biz türk dövlətlərində mövcud olan maliyyə qurumları, inkişaf bankları və fondlarla əməkdaşlıq edəcəyik. Bu maliyyə qurumları arasında daha çox tərəfdaşlarımız var və olacaq”.

Xatırladaq ki, Türk İnvestisiya Fondunu ötən il mayın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yaradıb. Onun nizamnamə kapitalı 600 milyon ABŞ dollarıdır. Fond türkdilli ölkələrdə həm dövlət, həm də özəl sektordakı layihələrə texniki dəstək verilməsi, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrə investisiyaların artırılması və davamlı iqtisadi inkişafa töhfə verilməsi məqsədi ilə təsis olunub.

Chosen
19
1
report.az

2Sources