EN

Prezident mükafatçıları: Suni intellektlə bağlı layihələrimiz 10 mindən çox insana çatıb və 11 ölkədə nümayiş olunub – MÜSAHİBƏ

Bakı, 14 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Suni intellektlə bağlı layihələrimiz 10 mindən çox insana çatıb və 11 ölkədə nümayiş olunub. Bu günədək startap komandamızla Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Çin və bir sıra Avropa ölkərində yarışmalarda, olimpiadalarda iştirak etmişik. Azərbaycan bayrağının daim yüksəklərdə dalğalanmasına çalışmışıq. Ölkəmizdə keçirilən yarışmalarda dəfələrlə qalib olmuşuq. Biz texnologiya üzərində işləyəndə sadəcə texnologiya yaratmırıq, eyni zamanda ölkəmizə, cəmiyyətimizə fayda gətirə biləcək bir innovasiya üzərində işləyirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Prezident mükafatçıları, ADA Universitetinin tələbələri, bir sıra uğurlu startapların həmtəsisçiləri Ləman Əliyeva və Nihat Abdullayev deyib.

Qeyd edək ki, Ləman Əliyeva və Nihat Abdullayev birgə fəaliyyətə görə, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 31 yanvar tarixli Sərəncamı ilə Prezident mükafatına layiq görülüblər. Prezident mükafatçıları proqramlaşdırmanı öyrənməyi asanlaşdıran “Tenter” startapının həmtəsisçiləridirlər. “Tenter” startapı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəklədiyi “Roadshow” proqramına seçilərək İspaniyada keçirilmiş “Mobile World Congress” beynəlxalq tədbirində Azərbaycanı təmsil ediblər. Bununla yanaşı, Nihat Abdullayev diqqət çatışmazlığı və hiperaktivlik sindromu olan uşaqlar üçün süni intellekt əsaslı oyuncaqlar təqdim edən “SamSam” startapının həmtəsisçisidir.

Texnologiya və innovasiyaya həvəsinin uşaqlıq illərindən olduğunu qeyd edən Ləman Əliyeva 13 yaşından proqramlaşdırma ilə məşğul olduğunu və artıq 9 ilə yaxındır ki, fərqli tətbiqlər və innovasiyallar üzərində işlədiyini deyib: “Hazırda çalışdığımız böyük layihələrdən biri süd vəzi xərçənginin aşkarlanması üçün süni intellekt alqoritmidir. Bu alqoritm həm insanlar, həm də klinikalarda həkimlər tərəfindən süd vəzi xərçənginin aşkarlanmasında istifadə oluna bilər.

Digər layihəmiz bərpaolunan enerji mənbələrində enerjinin optimallaşdırılması və səmərəliliyinin təmin olunması üçün istifadə olunan süni intellekt proqramıdır. Hazıra üzərində işlədiyimiz ən sonuncu layihəmizdə - bakalavr diplom işimizdə biz görmə qabiliyyətini itirmiş insanlar üçün yaradılmış “ağıllı eynək”dir. Süni intellektlə işləyən bu “ağıllı eynək” cəmiyyətdə həmin insanların onların naviqasiyası üçün köməklik göstərəcək”.

Orta təhsilini Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində aldığını qeyd edən Nihat Abdullayev yuxarı siniflərdən başlayaraq yerli və beynəlxalq fizika olimpiadalarında iştirak etdiyini bildirib: “Bu illər ərzində bir çox yerli və beynəlxalq fizika olimpiadalarından ölkəmizə medallar gətirmişəm. 2020-ci ildə Təhsil Kompleksini qızıl nişanla bitirərək ADA Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olmuşam. Universitet təhsilimə başladığım illərdən etibarən startap texnologiyaları və innovativ həll üsulları ilə bağlı bir çox layihələr üzərində çalışma fürsətim olub. Hazırda üzərində çalışdığımız innovativ biznes həlləri və süni intelilekt texnologiyaları ilə gətirdiyimiz yeni innovativ həll üsulları, intellektual məhsullarımız dünyanın 15-dən çox ölkəsində təqdim olunub və 10 mindən artıq insana çatdırılıb. Bu sıraya Cənubi Koreya, ABŞ, Dubay, Doha və bir çox Avropa ölkələri aiddir. Fəaliyyətimizin bir hissəsi olaraq da biz nüfuzlu “Battle of Minds” yarışmasında ölkəmizi təmsil eləmişik. Beynəlxalq regional turda birinciliyi əldə etməklə yanaşı, yarışmanın dünya finalında “Top-5” ən yaxşı komanda nominasiyasında seçilmişik. Bu yarışmanın 19 illik tarixi ərzində ölkəmiz üçün bir ilk oldu”, - deyə Nihat Abdullayev əlavə edib.

Ləman Əliyeva bildirib ki, hazırda üzərində işlədikləri suni intellekt əsaslı ağıllı oyuncaq - “Samsam” startapı ötən il ABŞ-da nüfuzlu “Startup World Cup” müsabiqəsində ölkəmizi təmsil edib və ən yaxşı 5 startapdan biri kimi fərqlənib: “Patentə malik “Samsam” oyuncağı artıq ABŞ, Azərbaycan və Ukraynada istifadəçilərə çatdırılıb. “Samsam” hazırda dünyada 30-dan artıq dil dəstəyi olan, əqli mülkiyyət patentinə malik ilk uşaq oyuncağıdır. Bizim təqdim etdiyimiz mobil tətbiq valideynlər üçün yüksəksəviyyəli interfeys təmin edərək, onların oyuncağın uşaqlarla ünsiyyət prosesini monitorinq etmək fürsəti yaradır. Bu proses çərçivəsində biz oyuncağın uşaqlarla olan interaktriv ünsiyyətini yadda saxlayırıq, o oyuncaqları uşaqların şəxsiyyətinə və xarakterinə uyğun olaraq istiqamətləndirib, oyuncağın növbəti ünsiyyət zamanı daha da inkişaf etməsini təmin edə bilirik”, - deyə Ləman Əliyeva bildirib.

“Samsam”ın daxili proqramının çox yüksək səviyyədə qurulduğunu qeyd edən Nihat Abdulayev bildirib ki, suni intellekt proqramı oyuncağın daxilindədir, bütün məlumatlar orada saxlanılır, lakin fəqliliyi odur ki, oyuncaq “bulud” vasitəsilə idarə olunmur. Bu isə onun kibertəhlükəsizliyini əsaslı təmin edir: “Uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan “Samsam” süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir. Oyuncaq bir sıra vacib təhlükəsizlik sertifikatlarından keçib. Bu sertifikatların bir hissəsini Azərbaycanda, bir hissəsini isə Çində alıb. Eyni zamanda, oyuncaq, daxilində mövcüd güclü təhlükəsizlik sisteminə əsasən həddindən artıq çox istifadə olunduğu zaman avtomatik deaktiv olunur ki, uşaqlara heç bir zərər verməsin. “Sleep modul”a əsasən oyuncaq yalnız uşaqlarla ünsiyyət zamanı aktiv olur, digər vaxtlarda isə funksionallığını dayandırır. “Samsam” “Type-C” adaptorları vasitəsilə şarj olunur. Bir dəfə tam şarj olunduğu zaman batareya 7 saatadək işləyir. Bu isə uşaqlara gündəlik 30 dəqiqə istifadə zamanı, 2 həftəyədək istifadə ömrü verir. Eyni zamanda, batareyada şarj bitməyə yaxın olduğu zaman - 10 faizədək göstərici əks olunduğunda oyuncaq səsli şəkildə uşaqlara bununla bağlı xəbərdarlıq verir ki, şarj olunmalıdır.

Digər tərəfdən, mobil tətbiqin içində valideynlər oyuncağın şarjının göstəricisini öyrənə bilərlər. Şarja taxma bu oyuncaq çirkləndiyi halda isə oyuncağın arxa tərəfdən açılır, onun içərisindəki “soul box” adlandırılan qutu (patentə malik qutu) çıxarılır. Oyuncaq özü yığıla bilər, həmin müddət ərzində və yaxud da şarj olunaraq yenidən yerinə taxıla bilər. Bir sıra texnolgiyalarda müşahidə olunan şarj müddətində avadanlığın istifadəsinin zərər verdiyi diqqətə çatdırılsa da, “Samsam” şarj olunduğu zaman istifadəsi batareyaya ziyan vermir. Cihazın mənbədən gələn gərginliyi istifadəyə yönəltməsi hesabına batareyanın uzun müddət üçün istifadə imkanını təmin edir.

“Samsam”da süni intellekt modeli elə qurulub ki, sırf uşaqlar üçün mövcud olan kontentlər əlçatandır. Belə ki, uşağın oyuncaqla bəhs etdiyi mövzunu belə valideynlər idarə etmək imkanı əldə edir. Həmçinin uşaqla “Samsam” arasında olmuş ünsiyyət barədə məlumatı əldə etmək olur. Hazırda “Samsam”ın patenti mövcuddur, bu bizə layihəmizin qorunması güvəni verir. Növbəti addımda, biz daha da inkişaf etməli, öz texnologiyamızı gücləndirməliyik ki, qlobal bazarlarda rəqabətədavamlı olaq”, - deyə Nihat Abdullayev əlavə edib.

Suni intellekt cəmiyyətlərdən biri olan “Süni Intellekt Hub”ın həmtəsisçisi olan Ləman Əliyeva birliyin fəaliyyətindən də bəhs edib: “Çalışırıq ki, süni intellektlə bağlı məlumatları insanlar üçün daha da əl açatan edək. Təkcə paytaxt Bakıda deyil, həmçinin regionlarda bizim həmfikirlərimiz var. Artıq Mingəçevir, Sumqayıt, Biləsuvar və Lənkəranda da fəaliyyət göstəririk. Bundan əlavə, aboratoriyalarda müxtəlif işlər görürük, suni intellekt texnologiyaları yaradırıq, eləcə də bununla bağlı elmi məqalələrə dəstək oluruq. “Süni Intellekt Hub” vasitəsilə biz süni intellekti regionlarda, ucqar kəndlərdə, məktəblərdə yayırıq”.

Sonda Nihat Abdullayev və Ləman Əliyeva bu yaxınlarda ölkə Prezidenti tərəfindən yüksək mükafata layiq görüldükləri üçün təşəkkürlərini bildiriblər.

“Mükafata layiq görülməyimiz bizi növbəti layihələrimizdə də innovativ yanaşmanı davam etdirməyə ruhlandırır. Belə bir yüksək etimada layiq görüldüyümüz üçün Prezidentə təşəkkürümüzü bildiririk. Əminliklə demək istəyirik ki, gələcək innovativ fəaliyyətimiz də Azərbaycanın digər ölkələr sıralamasında daha yüksəklərə olmasına tövhə verəcək. Bu istiqamətdə fəaliyyətimizi daim davam etdirmək niyyətindəyik”, - deyə Nihat Abdullayev bildirib.

Chosen
18
1
azertag.az

2Sources