EN

Nigar Məmmədova: Çin də Azərbaycanı etibarlı strateji tərəfdaş kimi qəbul edir

Nigar
"Prezident İlham Əliyev Çin telekanalına budəfəki müsahibəsində də bir çox vacib məqamlara toxundu". Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O, bildirib ki, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir şəraitdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini diqqətə çatdırdı. "Rəsmi Bakı 30 ilə yaxın işğaldan əziyyət çəkən tərəf kimi, hesab edir ki, bu gün dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var. Azərbaycan dünya xəritəsində yeni olsa da öz milli maraqlarını müdafiə edən, bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunə göstərir. Bu isə cəmiyyətdə mövcud olan sabitlik, birlik hesabına mümkün olub. Ölkəmiz eyni zamanda Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur. Cənab Prezident bəyan etdi ki, bunun başlıca səbəbi milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etməyimizdir". "Ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsindəki nüfuzuna da diqqət çəkən Prezident İlham Əliyev 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrliyi xatırlatdı" - deyə deputat əlavə edib: "Bunu Azərbaycanın dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətinin beynəlxalq arenada dəstəklənməsi kimi qiymətləndirdi. Çinlə ikitərəfli münasibətlərə də toxunan dövlət başçımız ötən il imzalanan srateji tərəfdaşlıq üzrə Bəyannaməni xüsusi qeyd etdi. Bildirdi ki, məhz bu sənəd ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Təbii ki, siyasi əlaqələrdə strateji tərəfdaşlıq ən üst səviyyədir. Rəsmi Bakı Pekinlə müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla tərəfdaşlığın genişləndirilməsini istəyir. Ümumiyyətlə, Azərbaycanla Çin arasında münasibətlər yeni mərhələdədir. Dövlət başçımızın müsahibə zamanı səsləndirdiyi fikirlərdən də aydın oldu ki, münasibətləri daha çox inkişaf etdirmək üçün yeni hədəflər müəyyənləşdirilib. Azərbaycanın təbii coğrafi mövqeyi, mövcud əlverişli nəqliyyat infrastrukturu Çin və Mərkəzi Asiya ölkələri arasında əlaqələr üçün perspektivlidir. Bu kontekstdə tərəfləri birləşdirən Orta Dəhlizin, daha geniş miqyasda “bir kəmər, bir yol” layihəsinin mühüm rolu var. Belə ki, dövlət başçısı da bu layihələrin ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün effektiv mühit yaratdığını bildirir". Deputat deyib ki, Orta Dəhlizin rəqəmsallaşdırılması isə onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərən faktorlardan biridir.

!Azərbaycan həm də bir-birinə etibar etməyən Qlobal Şimal və Qlobal Cənub arasında körpülər quraraq, COP29-un ev sahibi kimi yüksəksəviyyəli təcrübə əldə etdi. Ev sahibi kimi çox iddialı gündəliyə malik olan Azərbaycan kiçik ada dövlətlərinin problemlərini qaldırmaqla bu prosesə töhfə verdi. Rəsmi Bakının şaxələnmiş xarici siyasəti də beynəlxalq miqyasda diqqət çəkir. Cənab Prezidentin müsahibə zamanı toxunduğu məsələlərdən biri də bu oldu. Çinlə yanaşı, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi, eyni zamanda Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsinin olması bunun əyani göstəricisidir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal aktorlar tərəfindən yüksək qiymətləndirilir. Burada əsas prinsiplərdən biri Azərbaycanın başqa dövlətlərin daxili işlərinə müdaxilə etməməsidir.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “ideologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı”.

Chosen
39
1
1news.az

2Sources