EN

İfşa edilən USAİD-in Azərbaycanda gizli fəaliyyət mexanizmləri

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Tramp administrasiyası tərəfindən ifşa edilməsi bu təşkilatın “humanitar yardım” adı altında ölkələrin daxili işlərinə və seçkilərə müdaxilə etdiyini, inqilab və xoas planlarını həyata keçirdiyini, terror təşkilatlarından tutmuş beynəlxalq cinayət şəbəkələrinə qədər qeyri-qanuni qruplarla gizli əlaqələrə malik olduğunu rəsmi şəkildə təsdiq etdi. USAİD-in bu fəaliyyəti Azərbaycan cəmiyyətinə də yaxşı məlumdur, çünki təşkilatın ölkəmizi hədəf seçməsi yeni məsələ deyil.

1991-ci ildə “humanitar yardım” adı ilə ölkəyə yerləşən USAİD-in gerçək məqsədi 2000-ci illərdə ortaya çıxmağa başladı. 2003-cü ildə xaos planlarının təşkil edilməsi və maliyyələşdirilməsində bu təşkilat aktiv rol oynamışdı. 2013-cü ildə yenidən uğursuz cəhdlər edildi. USAİD-in Azərbaycanda xaos planları baş tutmasa da, casus şəbəkəsinin yaradılması və təşkilatlandırılması işi daim həyata keçirilib.

USAİD xüsusilə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları və media sektorundaşəbəkə qurmaq istiqamətində işləyib. 2014-cü ilə qədər şəbəkənin qurulması və maliyyələşdirilməsi imkanları geniş olsa da, qrant layihələri ilə bağlı qanunda dəyişiklik edildikdən sonra bu imkanlar azaldı. Qanuna edilən dəyişikliklər qrant layihələrinin şəffaflığı tələbini sərtləşdirmişdi, bu isə USAİD-in qeyri-qanuni maliyyə əməliyyatlarını yerinə yetirməsini əngəlləyirdi. Təşkilat Azərbaycandakı fəaliyyətini qanunlara uyğun şəffaflaşdırmaq əvəzinə, digər qeyri-qanuni vasitələri işə saldı. Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə maliyyənin keçirilməsi də həmin dövrə təsadüf edir. 2014-cü ilə qədər Azərbaycanda siyasi partiyaların da daxil olduğu şəbəkəsini QHT-lər üzərindən asanlıqla maliyyələşdirən USAİD daha sonra bunu media resursları üzərindən tətbiq etməyə başladı, çünki qrant layihələrinə nəzarət gücləndirilmişdi.

Bu proses USAİD-in Azərbaycandakı gizli fəaliyyət mexanizmlərini də üzə çıxarır.

Təşkilat əvvəlcə media sektorunu tamamilə ələ almaq istiqamətində çalışırdı, lakin bir neçə resursdan savayı, misal üçün, “Turan” agentliyi, ciddi nəticə əldə edə bilmədi. Daha sonra külli miqdarda vəsait xərcləyərək, yeni media resursları yaratmağa başladılar. “Meydan Tv”, “Abzas” və “Toplum Tv” belə nümunələrdəndir. Yeni media resurslarının yaradılmasının hədəfləri vardı.

1. Azərbaycanın ictimai rəyinə öz media resursları ilə təsir etmək;

2. Bu media resurslarının əli ilə ölkə daxilindəki şəbəkəni maliyyələşdirmək.

Əsas diqqətçəkən məqam USAİD-in nəzarətindəki resursların “müstəqil media”, “yeganə dəqiq mənbə” kimi təqdim edilməsidir. Bu, təsadüfi deyildi. Əgər görünən məqsəd təşkilatın özünə bağlı resursları “müstəqil media” kimi göstərərək, ictimai rəyə ötürülən dezinformasiyalara həqiqət donu geyindirmək idisə, arxa fondakı hədəf ölkəyə qeyri-qanuni maliyyənin bu resurslar vasitəsilə daxil edilməsini həyata keçirmək, dövlətin bu cür qanunsuz fəaliyyətin qarşısını almaq istiqamətindəki addımlarını “müstəqil mediaya təzyiq” kimi qələmə verib, beynəlxalq ictimai rəyi çaşdırmaq idi. “Abzas”, “Meydan Tv” və “Toplum Tv”, eləcə də bu şəbəkəyə daxil olan digər “media resursları”nın qrant qaçaqmalçılığı ilə bağlı fəaliyyətinin ifşa edilməsi belə faktları ortaya çıxardı.

Chosen
59
publika.az

1Sources