Sea Breeze

Azərbaycanda mina terrorunun qurbanları haqqında elektron fotokitab hazırlanıb. “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən “Düyməni sıxan ayaqlar” adlı nəşr bu mövzuda hazırlanan və mühüm əhəmiyyətə malik olan nadir vəsaitlərdən biridir.

İki dildə – Azərbaycan və ingilis dillərində hazırlanan kitab ön söz, mina qurbanları, xronologiya və statistik məlumatlardan ibarətdir. Mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar haqqında müfəssəl məlumat verən kitaba ön sözü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin (ANAMA) sədri Vüqar Süleymanov yazıb.

Fotokitabda 30 ildən artıq bir dövrdə müxtəlif vaxtlarda mina və partlamamış hərbi sursatların partlaması nəticəsində xəsarət alan və həlak olan insanların fotoları, onların acı həyat hekayələri yer alır. Hekayə qəhrəmanları həmin hadisə gününü bir daha xatırlayaraq öz dillərindən olduğu kimi danışırlar.
Vətən müharibəsindən başlayaraq 2024-cü ilin dekabr ayına kimi olan bir aralıqda baş verən mina partlayışı hadisələri xronoloji ardıcıllıqla qeyd olunub. Statistika hissəsində son dörd ildə ən çox mina hadisəsi baş verən ərazilərin, kəndlərin siyahısı, ANAMA tərəfindən təqdim olunan rəqəmlər qeyd olunub. Belə ki, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400-dən artıqdır. Onlardan 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından günümüzə qədər baş verən mina hadisələri zamanı qurbanların sayı 382 nəfər təşkil edir. Onlardan 70 nəfəri həlak olub, 312 nəfəri isə xəsarət alıb.

Layihənin rəhbəri Rəşad Mehdiyev, fotokitabın baş redaktoru Dilavər Nəcəfov, Azərbaycan dili üzrə redaktoru Aygün Əhmədova, ingilis dili üzrə redaktoru Esmira Əliyeva, fotoredaktor isə Roman İsmayılovdur. Kitabın içərisində əks olunan fotoların müəllifi müharibə fotoqrafı Famil Mahmudbəylidir.

Qeyd edək ki, fotokitab “Gilavar Foto Klubu” ictimai birliyinin “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində hazırlanıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Elektron fotokitabla bu linkdən https://gilavar.az/fotokitab/1/book.html tanış olmaq olar.

ETX
ETX
ETX