İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada, 14 fevral Sevgililər Gününün ticarət dövriyyəsinə olan təsirlərini şərh edib. Onun sözlərinə görə, bu təsirləri ən çox xidmət və ticarət sektorlarında müşahidə etmək mümkündür.
"Ticarətə gəlincə, Sevgililər Günü ətrafında ən çox artım müşahidə edilən sahələrdən biri gül satışı və parfimeriya məmulatlarının satışıdır. Eyni zamanda, ictimai iaşə sektorunda da canlanma baş verir. Bu gün kafelərə, restoranlara gedənlərin sayı artır və bu da sektorda canlanma yaradır", - deyə professor Məmmədov bildirib.
Bundan əlavə, xidmət sektorunda, xüsusilə çatdırılma xidmətlərində artımın olduğunu vurğulayıb. "Hədiyyələrin çatdırılması, gül göndərilməsi və ümumilikdə xidmət sektorunun inkişafı ilə bağlı fəaliyyətlər də daha fəal şəkildə həyata keçirilir. Çatdırılma, qablaşdırma və paketləşdirmə ilə bağlı işlər artır", - deyə o əlavə edib.
Professor qeyd edib ki, Sevgililər Günü ilə əlaqədar bu artımların, ümumilikdə iqtisadi sektordakı işgüzar fəallığın və aktivliyin artmasına səbəb olduğu və bu prosesin bir çox ölkələrdə müşahidə edildiyi açıqlanıb.
Pərvanə Fərhadqızı