EN

"İkitərəfli münasibətlər etibarlı tərəfdaşlıq müstəvisində" - Millət vəkili yazır

Fevralın 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən görüş ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Liderlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək, iqtisadi, siyasi, müdafiə və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atdılar.

Dövlətimizin başçısı iki ölkə arasında imzalanmış bütün razılaşmaların həyata keçiriləcəyi və beləliklə, münasibətlərin daha yüksək səviyyəyə qaldırılacağına əminliyini ifadə edib. Görüş çərçivəsində liderlər tərəfindən regional və qlobal geosiyasi məsələlər, eləcə də terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə məsələləri geniş şəkildə müzakirə olunub.

Azərbaycan Prezidenti ölkəsinin siyasi sabitlik və iqtisadi inkişaf yolu, eləcə də beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsi istiqamətində əldə etdiyi uğurlar barədə Somali Prezidentinə məlumat verib. Bu təcrübənin tətbiq edilməsi iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindən biri kimi nəzərdən keçirilir.

Cənab İlham Əliyev Somali ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın bu dost ölkənin iqtisadiyyatına sərmayə qoymaq niyyətində olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycanın böyük nümayəndə heyəti Somaliyə səfər edərək potensial investisiya sahələrini araşdıracaq. Gələcəkdə bu əməkdaşlığın konkret layihələrlə davam etdirilməsi planlaşdırılır.

İnfrastruktur, logistika və kənd təsərrüfatı qarşılıqlı maraq doğuran əsas sahələr kimi dəyərləndirilir. Tərəflər bu sahələrdə əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulayaraq, mövcud potensial və imkanları müzakirə ediblər. Özünü təmin etmə modeli və inkişaf strategiyaları çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

İkitərəfli münasibətlərin ən mühüm istiqamətlərindən biri müdafiə sahəsində əməkdaşlıqdır. Görüş zamanı müdafiə sənayesində birgə fəaliyyət, təlim mübadilələri və müdafiə avadanlıqlarının potensial olaraq birgə istehsalı məsələləri müzakirə edilib. Dövlətimizin müdafiə sənayesi son illərdə mühüm inkişaf yolu keçib və ölkə hazırda müasir müdafiə avadanlıqlarının istehsalı və ixracı sahəsində əhəmiyyətli imkanlara malikdir. Somali Prezidenti bu sahədə Azərbaycan təcrübəsinin onların ölkəsi üçün faydalı ola biləcəyini qeyd edib. Görüş çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsinin Somalinin təhlükəsizlik qüvvələri ilə mübadiləsi və xüsusi təyinatlı bölmələrin birgə təlimlər keçirməsi məsələləri də gündəmə gətirilib.

Görüş zamanı ASAN xidmət modelinin Somalidə tətbiq edilməsi imkanları nəzərdən keçirilib. ASAN xidmətlər sisteminin Azərbaycanda böyük uğurlar əldə etməsi, xüsusilə vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsi onun səmərəliliyini göstərir. Həmçinin, bu modelin beynəlxalq səviyyədə tanınması digər ölkələrlə işbirliyi qurulması və müsbət təcrübənin paylaşılması perspektivlərini önə çəkir.

İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermək niyyətindədirlər. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi hədəflənir. Xarici işlər nazirlərinin mütəmadi görüşləri və qarşılıqlı əlaqələrin gücləndirilməsi bu sahədə irəliləyişi təmin edəcək.

Təhsil sahəsində əməkdaşlıq iki ölkənin gələcək münasibətlərində mühüm rol oynayacaq. Hazırda Somali tələbələri Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Azərbaycanda təhsil alır. Görüş zamanı bu proqramın genişləndirilməsi və Somali tələbələri üçün ayrılan təqaüd yerlərinin artırılması barədə razılıq əldə olunub. Həmçinin, mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri genişdir. Hər iki ölkənin zəngin mədəni irsi nəzərə alınaraq, birgə tədbirlərin, mədəniyyət festivallarının və sərgilərin təşkil olunması planlaşdırılır. Bu, xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verəcək.

İmzalanan sənədlər və aparılan müzakirələr Azərbaycan və Somali arasında yeni əməkdaşlıq imkanları açaraq, ikitərəfli münasibətlərin gücləndirilməsinə təkan verəcək. Qarşılıqlı maraqlara əsaslanan bu tərəfdaşlıq iqtisadi, siyasi və təhlükəsizlik sahələrində uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradacaq.

Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək. Gələcəkdə həyata keçiriləcək layihələr və əməkdaşlıq formatları iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Azərbaycan və Somali arasında qurulan bu yeni əlaqələr beynəlxalq səviyyədə mövqelərini möhkəmləndirməklə yanaşı, hər iki dövlətin iqtisadi və sosial inkişafına təkan verəcəkdir.

Milli Məclisin deputatı Asif Əsgərov

Chosen
87
20
unikal.az

10Sources