EN

Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Azərbaycanda mina terrorunun qurbanları haqqında elektron fotokitab hazırlanıb. “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Düyməni sıxan ayaqlar” adlı nəşr bu mövzuda hazırlanan və mühüm əhəmiyyətə malik vəsaitlərdən biridir.

İctimai Birlikdən Herbiand.az-a verilən məlumata görə, Azərbaycan və ingilis dillərində hazırlanan kitab ön söz, mina qurbanları, xronologiya və statistik məlumatlardan ibarətdir.

Mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar haqqında müfəssəl məlumat verən kitabın ön sözünün müəllifləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin (ANAMA) sədri Vüqar Süleymanovdur.

Fotokitabda 30 ildən artıq dövrdə mina və partlamamış hərbi sursatların partlaması nəticəsində xəsarət alan və həlak olanların fotoları, onların acı həyat hekayələri əks olunub. Hekayə qəhrəmanları həmin hadisə gününü bir daha xatırlayaraq, onu öz dillərindən danışırlar.

Vətən müharibəsindən başlayaraq 2024-cü ilin dekabrına kimi olan dövrdə baş verən mina partlayışı hadisələri xronoloji ardıcıllıqla qeyd olunub. Statistika hissəsində son dörd ildə ən çox mina hadisəsi baş verən ərazilərin, kəndlərin siyahısı, ANAMA tərəfindən təqdim olunan rəqəmlər verilib. 1991-ci ildən indiyə kimi, 3400-dən artıq mina qurbanı var. Onlardan 359-u uşaq, 38-i qadındır. 2020-ci ilin noyabrından sonra baş verən mina hadisələri zamanı qurbanların sayı 382 nəfər təşkil edir. Onlardan 70-i həlak olub, 312-si isə xəsarət alıb.

Layihənin rəhbəri Rəşad Mehdiyev, fotokitabın baş redaktoru Dilavər Nəcəfov, Azərbaycan dili üzrə redaktoru Aygün Əhmədova, ingilis dili üzrə redaktoru Esmira Əliyeva, fotoredaktoru isə Roman İsmayılovdur. Kitabın içərisində əks olunan fotoların müəllifi müharibə fotoqrafı Famil Mahmudbəylidir.

Qeyd edək ki, fotokitab “Gilavar Foto Klubu” İctimai Birliyinin “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində hazırlanıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Chosen
36
5
herbiand.az

6Sources