EN

Sosial maskalar: Niyə evdə fərqli, cəmiyyətdə fərqliyik?

Bu paradoks gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Tanımadığımız insanlarla qarşılaşanda, onlara qarşı nəzakətli, səbirli və mehriban davranırıq. Metroda birinin bizə yol verməsinə təbəssümlə cavab veririk, mağazada kassada yerimizi bir başqasına ötürməkdən çəkinmirik. Küçədə yol soruşan birinə hörmətlə cavab, avtobusda yaşlı insana isə yerimizi veririk. Ancaq eyni münasibəti evdə, ən yaxın bildiyimiz insanlara göstərmirik. Valideynlərimizlə, həyat yoldaşımızla, bacı-qardaşımızla və dostlarımızla münasibətdə nəzakət və səbirimizi çox zaman bir kənara qoyuruq. Niyə belə olur?

Bəlkə də bu sualın ən aydın cavabı münasibətlərin səthi və ya dərin olması ilə bağlıdır. Tanımadığımız insanlarla münasibətlərimiz qısamüddətlidir. Bir neçə saniyəlik qarşılaşmalarda nəzakətli olmaq çətin deyil. Çünki onlardan heç nə gözləmirik, onlarla bağlı xüsusi emosional yükümüz yoxdur. Biz onlarla mübahisə etməyə ehtiyac duymuruq, çünki bu qarşılaşma həyatımızda əhəmiyyətli bir rol oynamır. Bunun əksinə, yaxınlarımızla münasibətlərimiz uzunmüddətlidir, bəzən bir ömür boyu davam edir. Burada artıq səthi davranışlar deyil, qarşılıqlı gözləntilər ön plana çıxır. Sevdiklərimizdən nəzakət, anlayış, qayğı gözlədiyimiz üçün onların bunu nümayiş etdirməməsi bizə ağır gəlir. Nəticədə, biz onlara qarşı daha tələbkar olur, onların ən kiçik səhvlərinə qarşı belə sərt reaksiya veririk.

Başqa bir məqam da var: yad insanlarla ünsiyyətdə sosial maska taxırıq. Sanki başqalarının bizi necə görməsindən asılıyıq və özümüz haqqında yaxşı bir təəssürat yaratmaq istəyirik. Heç kim metroda, küçədə və ya marketdə özünü kobud, hörmətsiz, nəzakətsiz biri kimi göstərmək istəmir. Bu, bir növ sosial qaydalara əməl etmək deməkdir. Lakin evə gəldikdə, bu maska düşür. Yaxınlarımız bizi hər halımızla tanıyır deyə, biz artıq onlara qarşı diqqətli olmağa ehtiyac duymuruq. Onların bizi olduğumuz kimi qəbul edəcəyinə inandığımız üçün nəzakəti ikinci plana atırıq.

Bəzən bu davranışın səbəbi də emosional yüklə bağlıdır. İnsan gündəlik həyatda müxtəlif problemlərlə qarşılaşır, stres və gərginlik yaşayır. İşdə müdirlə fikir ayrılığı yaranır, küçədə birinin kobudluğu əsəbləri tarıma çəkir, yolda uzun növbədə gözləmək yorucu olur. Amma bütün bu narahatlıqları yad insanlara yansıtmaqdan çəkinirik. Tanımasığınız şəxslərlə mübahisədən adətən çəkinirik, çünki o bizi tanımır və necə reaksiya verəcəyini bilmirik. Lakin evə qayıtdıqda, bu yığılmış emosiyalar ən yaxınlarımıza yönəlir. Çünki onların bizi bağışlayacağına əminik. Onlar bizi sevdiklərinə görə səbir göstərəcəklərini düşünürük. Amma həqiqət budur ki, heç kimin dözümü sonsuz  deyil. Müəyyən bir nöqtədən sonra bu münasibət onların içində bir narazılıq və yorğunluq yaradır.

Məsələnin başqa bir tərəfi gözləntilərlə bağlıdır. Yad insanlardan xüsusi bir şey gözləmirik. Ona görə də, onlar bizə bir yaxşılıq edəndə, bu, bizi sevindirir. Bir kafe işçisinin sifarişimizi mehribanlıqla gətirməsi bizə xoş təsir bağışlayır. Lakin həyat yoldaşımızın eyni mehribanlığı göstərməməsi bizi məyus edə bilər. Çünki yaxınlarımızın bizə xüsusi diqqət göstərməli olduğunu düşünürük. Məhz bu gözləntilər onların səhvlərinə və ya soyuqluğuna qarşı bizi daha dözümsüz edir. Halbuki yad insanlardan belə bir umacağımız yoxdur.

Bəs bu paradoksu necə həll etmək olar? Əslində, çox sadə bir həqiqəti anlamaq lazımdır: nəzakət tükənən bir resurs deyil. Gündəlik həyatımızda tanımadığımız insanlara nəzakətli davranmağa nail oluruqsa, deməli, bunu evdə də tətbiq edə bilərik. Əksinə, ən böyük nəzakət və qayğı məhz yaxın münasibətlərdə olmalıdır. Çünki bizi əsl sevən, qayğımıza qalan, həyatımızda həqiqətən önəmli olan insanlar məhz ailəmiz və dostlarımızdır.

Bəlkə də evə qayıdanda gün ərzində tanımadığımız insanlara sərf etdiyiniz gülümsəmə və nəzakətin bir qismini yaxınlarınıza da göstərmək lazımdır. Çünki həyatınızı mənalı edənlər, sizi sevən və sizə qayğı göstərənlər məhz onlardır. Onları qorumaq, onlarla münasibəti sağlam saxlamaq üçün hər gün onlara nəzakət və sevgi sərf etmək lazımdır. Tanımadığınız biri gəlib-keçəndir, amma sevdiyiniz insanları itirmək - sizi onları heç tanımadığınız vaxtlara qaytarır. Və bu, bəlkə də insanın yaşaya biləcəyi ən ağır itkidir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
50
olaylar.az

1Sources