Bu həftə Azərbaycan Premyer Liqasında tarixi derbi var.
"Neftçi" doğma meydanda "Qarabağ"ı qonaq edəcək.
Əzəli rəqiblərin qarşıdurmasından öncə hər iki komandanın şərəfini qorumuş veteran futbolçu Arif Əsədov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli futbol mütəxəssisi derbidən gözləntilərini bizimlə bölüşüb:
"Bu komandaların durumundan asılı olmayaraq, bütün oyunlar prinsipiallığı ilə seçilib. Düşünürəm ki, bu görüşdə də mübarizə görəcəyik.
"Neftçi" son oyunlar qələbələri sıralayır. Kollektivdə ruh yüksəkliyi var. Bu, təqdirəlayiqdir.
"Qarabağ"da bir müddət eniş oldu. Son qələblərdən sonra yüksəliş hiss olunur. "Qarabağ"da belə durum bəzən olur. Julio Romaonun gedişini qeyd etmək olar. Onun yerinə başqa tanış sima Kadi Borges var. Komandanın gücünə güc qatacağı dəqiqdir.
"Neftçi"də də yeni transferlər var. Xüsusilə də Elvin Camalovun gəlişi "Neftçi"yə güc qatıb. Statistikaya baxası olsaq, "Qarabağ" favoritdir. Amma bu oyunda hər bir nəticə ola bilər. "Neftçi" meydandan xalla ayrıla bilər.
Futbola gözəllik verən azarkeşlərdir. Onların tribunaları doldurmasını istərdim. Güclü olan qalib gəlsin".
XANOĞLAN