Almaniyanın Lübek şəhərində bank quldurluğu baş verib: cinayətkarlar Deutsche Bank-ın filialında 326 seyf açaraq kassadan 10 milyon avro oğurlayıblar.
Valyuta.az bu barədə "Bild"ə istinadən xəbər verir.
Soyğunçular asanlıqla içəri girə biliblər, sonra isə bankda gecələyərək seyfləri maneəsiz açıblar. Məlum olub ki, bankın anbarında nə kameralar, nə də hərəkət sensoru olub. Polisin məlumatına görə, cinayətkarlar zirzəmiyə daxil olmaq üçün əvvəlcədən anbarlar icarəyə götürüblər. Sonra onlar sadəcə olaraq içəridə gizləniblər və bankın bağlanmasını gözləyiblər. Onlar kassaları açaraq çamadanları pul, qızıl və qiymətli kağızlarla doldurub, daha sonra avtomobillə naməlum istiqamətə gediblər.
İnsidentdən sonra bank təhlükəsizlik tədbirlərini gücləndirib: indi müştəriləri bank işçiləri və mühafizəçilər seyfdə müşayiət edirlər. Bununla belə, zərərçəkmiş əmanətçilər başqa problemlə üzləşib: Deutsche Bank itkiləri kompensasiya etməkdən imtina edir.
Bankın zərər çəkmiş onlarla müştərisini təmsil edən hüquqşünas Yurgen Hennemann "Bild"ə bildirib ki, məsələ bankın səhv edib-etməməsi deyil, bunun necə mümkün olmasıdır.
Cinayətkarlar hələ də tapılmayıb, polis araşdırmalarını davam etdirir. Deutsche Bank sözçüsü hadisə ilə bağlı şərh verməkdən imtina edib.
Paşa Məmmədli