EN

4 ölkənin mükəmməl layihəsi: Azərbaycandan keçir…

“Xəzər dənizi – Qara dəniz” beynəlxalq tranzit-nəqliyyat dəhlizinin yaradılması və həyata keçirilməsinə dair hökumətlərarası saziş layihəsinin müzakirəsi məqsədilə dördtərəfli işçi görüşü keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İclasda Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanın xarici işlər nazirliklərinin, habelə nəqliyyat sektoruna cavabdeh olan nazirlik və idarələrin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Görüş zamanı yükdaşımaların artırılması və bütün maraqlı tərəflərlə, o cümlədən Avropa Birliyi ilə əməkdaşlığın stimullaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.

Tərəflər layihənin bütün iştirakçılarının ticarət əlaqələrində gözlənilən müsbət effekti, eləcə də Avropa və Asiya bazarlarını birləşdirmək üçün yükdaşımaları sahəsində beynəlxalq təşkilatların cəlb edilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsal texnologiyalardan istifadə imkanlarını da müzakirə ediblər.

Görüşün sonunda iştirakçılar bu il imzalanması planlaşdırılan “Xəzər dənizi-Qara dəniz” beynəlxalq tranzit və nəqliyyat marşrutunun yaradılması və həyata keçirilməsinə dair dördtərəfli hökumətlərarası sazişin Mərkəzi Asiya ilə Avropa arasında beynəlxalq yük daşımalarının inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Chosen
8
axar.az

1Sources