EN

Məhkəmə Arimita Pavirin həbsxanada döyülməsi barədə işə xitam verib

Təbriz Mərkəzi Həbsxanasında siyasi məhbus olmuş Armita Paviri döyən şəxs barəsində Təbriz Ümumi və İnqilab Prokurorluğunun 24 saylı şöbəsi tərəfindən işə xitam qərarı çıxarılıb və məsələ bağlanıb.

Hüquq müdafiəçisi Sina Yusifi bu barədə məhkəmə sənədinin surətini paylaşaraq X hesabında məlumat yayıb. Sənədə əsasən, Armita Pavirin həbsdə olduğu müddətdə onu döyən həbsxana nəzarətçisi Süməyyə Qəfuri barəsində işə xitam verilib.

Armita Pavir həbsdən çıxdıqdan sonra, ailəsi bu nəzarətçi barədə şikayət vermişdi. Lakin Təbriz Ümumi və İnqilab Prokurorluğunun 24 saylı şöbəsinin hakimi İrəc Həməti "iddianın sübuta yetirilməsi üçün kifayət qədər dəlilin olmaması" əsas gətirilərək işin bağlanmasına qərar verib.

Sina Yusifi bu barədə yazıb ki, sözügedən hakim İrəc Həməti 2022-ci il etirazları zamanı Təbrizdə 11 saylı hökmlərin icra şöbəsində mühakimə işlərinə baxıb və etirazların ilk aylarında könüllü olaraq növbətçi hakim kimi fəaliyyət göstərib. Yusifi, "onun xidmətləri nəticəsində məhkəmə müstəntiqi vəzifəsinə yüksəldiyini" irəli sürüb.

Armita Pavir də məhkəmənin qərarını X hesabında paylaşaraq həbsxananın təhlükəsizlik kameralarına aid görüntülərin istintaq zamanı araşdırılmadığını qeyd edib və bu addımı tənqid edib.

Həm İnsan haqları fəalı Sina Yusifi, həm də siyasi fəal Armita Pavir X hesablarında yazıblar ki, həmin nəzarətçi məhkəmə orqanlarının göstərişi ilə onu döyüb və öncədən bu cür zorakılıqlara görə hüquqi məsuliyyətə cəlb olunmayacağına əmin olub.

Armita Pavir 5 yanvarda X hesabında yayımladığı paylaşımda həbsxana əməkdaşı barədə şikayəti ilə bağlı keçirilən ilk məhkəmə iclasına toxunaraq bildirmişdi ki, həbsxana nəzarət rəhbərliyinin sözlərinə görə, onun döyüldüyü yer olan birinci mərtəbədəki salonun kameralarında texniki problem yaranıb və hadisə baş verən anın görüntüsü qeydə alınmayıb.

Təbriz sakini olan tələbə fəal Armita Pavir 12 dekabr 2024-cü ildə Təbriz həbsxanasında 15 aylıq həbs müddətini başa vuraraq azadlığa buraxılıb.

visiontv.az



Chosen
20
visiontv.az

1Sources