EN

"Əqrəb Mövsümü"ndə bu səhnə vəkilləri qəzəbləndirdi: Üzr istəsinlər - VİDEO

Xəbər verdiyimiz kimi, "Əqrəb mövsümü:İki dünya bir olsa da" serialının 1-ci və 2-ci bölümlərində vəkillərlə bağlı xoşagəlməz ifadələrə yer verilib.

Ölkə.Az xəbər verir ki, ikinci sezonun 1-ci bölümündə "göndər onu vəkildən zaddan işləsin sözləri Azərbaycanda vəkillərin narazılığına səbəb olub.
Həmçinin yeni sezonun 2-ci seriyasında isə cinayətə görə saxlanılan qadın obrazın dilindən vəkilin ünvanına nalayiq söz deyilib.
Məsələ ilə bağlı hüquqşünaslar sosial şəbəkələrdə yazıblar.

Vəkil Fərid Qasımov:
"Əqrəb mövsümü adlı serialda “vəkil zad” və s. ifadələri vəkilliyin günü-gündən yüksələn nüfuzuna qarşı sanki kimlərinsə eqosudur. Bu serial ikinci dəfədir ki, şərəfli vəkil peşəsini alçaldır. Digər həmkarlarım kimi mən də vəkilliyə qarşı işlədilmiş bu ifadələrə görə həmin serialda bu ifadələrin işlədilməsinə yol verən və şərait yaradan şəxsləri qınayıram. Hesab edirəm ki, ən qısa zamanda şərəfli vəkil peşəsinə qarşı istifadə edilmiş qeyri-etik ifadələrə görə serialın ssenaristi Azər Aydəmir və rejissor Emil Quliyev bütün vəkillərdən üzr istəməlidir", - deyə o söyləyib.

Vəkil Mədinə Leqayeva: "Mən, vəkil olaraq, İctimai TV-də yayımlanan “Əqrəb mövsümü” teleserialında vəkillik institutunun nüfuzuna xələl gətirən ifadələrin işlədilməsinə digər vəkil həmkarlarım ilə birlikdə kəskin etirazımı bildirirəm. Söz azadlığı vacibdir, lakin vəkillik peşəsinin şərəf və ləyaqətini aşağılamaq yolverilməzdir. Serialda "o....ş vəkil" ifadəsinin işlədilməsi yalnız vəkillərin nüfuzuna deyil, hüquq sisteminə və ədalət mühakiməsinə də hörmətsizlikdir.
İctimai TV kimi geniş auditoriyaya xitab edən bir kanalın peşə etikasına və ictimai məsuliyyətinə uyğun davranmasını, peşəmizə qarşı hörmətsizlik ifadələrinin yayımlanmamasını tələb edirəm. 

Məsələ ilə bağlı rəsmi izahat verilməsini və bu cür halların gələcəkdə təkrarlanmaması üçün tədbirlər görülməsini gözləyirik".

Qeyd edək ki, sözügedən səhnələrlə bağlı Vəkillər Kollegiyası da bəyanat yayaraq Audiovizual Şuraya müraciət edəcəyini açıqlayıb.

Billurə Yunus

Chosen
24
olke.az

1Sources