EN

Turac Əliyev: “Tank”ı mənə onlar verib” - MÜSAHİBƏ

Azərbaycanın MMA döyüşçüsü Turac Əliyevin İdman.biz-ə müsahibəsi

- Niyə məhz “Tank”? Bu ləqəb hansı xüsusiyyətlərinizi xarakterizə edir?

- Bu adı mənə ətrafımdakı insanlar verib, özüm seçməmişəm. Səbəb isə güclü güləşlə rəqiblərimi keçməyim, sürətim, vaxtından əvvəl qələbə qazanmağımdır.

- GFC (Georgian Fighting Championship) liqasında son döyüşünüzdə ilk raundda qələbə qazanmaqla “Tank”ın haqqını vermiş oldunuz. Özünüzdən bunu gözləyirdiniz?

- Qələbəni gözləyirdim, ancaq birinci raundda yox. Rəqibim GFC liqasının ən yaxşı döyüşçülərindən biridir. Dörd döyüş idi ki, məğlub olmurdu. 9 yaş məndən böyük idi. Üstəlik, çox təcrübəlidir. Döyüşü birinci raundda bitirmək özümə də sürpriz oldu.

- Qola ağrıdıcı fənd tətbiq etməklə qalib gəldiniz. Əvvəlcədən bu gedişi planlaşdırmışdınız, yoxsa?

- Əslində, ən baxımlı güləş nümayiş etdirmək istəyirdim. Döyüş zamanı hiss etdim ki, rəqibin güləşi zəifdir. Düzü, həmin fəndi öncədən planlaşdırmamışdım. Mənim fikrim nokaut eləmək idi, ancaq belə alındı. Bu döyüşdə qalib olan 66 kq-da kəmər üçün mübarizə aparacaqdı. İnşallah, GFC 31-də kəmər üçün vuruşacam. Ümid edirəm ki, orada da nəticəm uğurlu olacaq.

- Yaxın müddətdə başqa hansı hədəfləriniz var?

- Hazırda əsas hədəfim GFS liqasında kəməri götürməkdir. Daha sonra isə böyük liqalarda çıxış etmək istəyirəm. 19 yaşım olduğu üçün hələ ki, tələsmirəm, addımlarımı ağılla atmağa çalışıram. Əsas hədəfim isə UFC-də döyüşməkdir.

- Neçə ildir ki, MMA ilə məşğulsunuz?

- Hələ on iki yaşım olanda əmim oğlu məni idmana yönləndirdi. Əvvəlcə həvəskar kimi başlamışdım, ancaq məşq etdikcə idmanı daha çox sevdim və ciddi məşğul olmağa qərar verdim. On yeddi yaşımda ilk peşəkar döyüşümə çıxmışam. Artıq iki ildən çoxdur ki, vuruşuram. Gələcəyimi də idmanda görürəm.

- Bəs təhsiliniz nə yerdədir?

- Hazırda Gürcüstanda universitet oxuyuram. İxtisasım da bədən tərbiyəsi müəllimidir.

- Rəqibiniz haqqında danışarkən, qeyd etdiniz ki, sizdən doqquz yaş böyük idi. Çox vaxt yaş təcrübədən də xəbər verir. Döyüşə çıxanda bu amil sizi qorxutmur?

- Məncə, yaşıma görə kifayət qədər təcrübəm var. Ən əsası rəqibin hansı yaşda olmasının mənim üçün bir önəmi yoxdur.

Aytac Sahəd
İdman.biz

Chosen
41
idman.biz

1Sources