EN

"İndi dünya siyasətində prinsiplər və normalar dəyişilib" - MÜNASİBƏT BİLDİRİLDİ

"İndi dünya siyasətində prinsiplər və normalar dəyişilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, İkinci dünya müharibəsindən sonra BMT yarandı və BMT-nin nizamnaməsində beynəlxalq münasibətlər və dünya dövlətlərinin arasında münasibətləri tənzimləyən, həm də tənzimlənməyən normalar var idi: "Bir neçə on illər boyunca hamı bu normalara əməl etdi. Ona görə də, dünyada BMT-nin nizamnaməsinin normalarına müqəddəs yanaşma hökmran idi. Amma illər keçdikcə, xüsusilə də, "soyuq müharibə" başa çatandan sonra BMT-nin normaları və prinsipləri böyük dövlətlərin özləri tərəfindən ayaq altına atılıb tapdalandı. Belə şəraitdə dünya siyasətini BMT nizamnaməsinin normaları əsasında idarə etmək, demək olar ki, müşkülə çevrildi. Bu gün dünya BMT-nin nizamnaməsi əsasında yox, böyüklər, kiçiklər, güclülər, zəiflər prinsipi ilə idarə olunur.

Günün günorta çağı bir dövlət hücum edib başqasının ərazisini işğal edir, ona gözünün üstündə qaşın var deyən yoxdur. Böyük dövlətin biri bütöv bir xalqı özünün tarixi Vətənindən köçürmək haqqında fikirləşir, təklif verir. Ona söz deyən yoxdur. Belə şəraitdə dünya dövlətlərinin güclə idarə olunması, həqiqətən, önə çıxır, güclü dövlətlər özündən zəiflərə ən müxtəlif vasitələrlə təzyiq göstərməyə başlayır. Belə şəraitdə Azərbaycan kimi ölkələrin də öz siyasətini qurmasında yeniliklərə böyük ehtiyac var. Əslində beynəlxalq hüquq normalarının yaramaz bir şeyə çevrildiyini Azərbaycan hamıdan əvvəl hiss etdi. Buna da hamıdan əvvəl reaksiyasını verdi. Özünün Qarabağ problemini güclə həll etdi. Bu gün də eyni siyasət davam etdirilməlidir. Azərbaycanın haqqına hörmətlə yanaşan ölkələrə hörmət edilməlidir. Azərbaycanın haqqına hörmət etməyən, onun əleyhinə siyasət aparan ölkələrlə isə lazımi tərzdə davranmaq lazımdır. Fərqi yoxdur, qarşımızdakı hansı ölkədir, BMT-nin daimi üzvüdür, yoxsa müvəqqəti üzvüdür, Təhlükəsizlik Şurasında önəm sahibidir, Fransa, Rusiya, fərqi yoxdur, kim Azərbaycanın haqqına hörmət etmirsə, Azərbaycan onunla bu tərzdə siyasət aparmalıdır. İndi heç kimin heç kimdən asılılığı yoxdur. Dünya dövlətləri ilə də onların öz siyasətinə uyğun davranış nümayiş etdirmək lazımdır. Hansısa ölkə özünü dünyanın ağası hesab edəcək, Azərbaycanın daxili işlərinə qarışacaq, Azərbaycan onun qarşısında susmalıdır?"

"Azərbaycan Fransanın timsalında olduğu kimi həmin ölkəyə lazımi şəkildə qarşılıq verməlidir. Fransanın Azərbaycanla bu siyasəti davam etdirəcəyi təqdirdə onun Azərbaycandakı biznes strukturları bağlanmalıdır. Hətta bu ölkə ilə diplomatik əlaqələrin kəsilməsinə qədər addımlar atmaq lazımdır. Azərbaycan nə vaxta qədər dünya ölkələri ilə beynəlxalq hüquq normaları əsasında danışacaq və onlar da Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarını ayaq altına alıb tapdalayacaqlar? Hər bir dövlətlə Azərbaycan öz dilində danışmağı, nəhayət, dövlət siyasətinin əsas xəttinə çevirməlidir. Çünki artıq dünya buna doğru gedir. Dünya düzəni dəyişir, yeni bir düzən formalaşana qədər dünyada, beynəlxalq münasibətlərdə əsas prinsip güc prinsipi olacaq. Gücü olan başqalarına hökm etməyə çalışacaq. İradəsi olan başqalarına müqavimət göstərəcək. Bu, o vaxta qədər davam edəcək ki, yeni dünya düzəni formalaşacaq. Bu gün faktdır ki, yeni dünya düzəninin formalaşma prosesi gedir, köhnə düzən dağılıb, yeni düzən formalaşmayıb. Ortada boşluq və keçid dövrü var. Bu keçid dövründə Azərbaycan da daxil özünə hörmət edən ölkələr iradəli, iddialı siyasət aparmalıdırlar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
17
sia.az

1Sources