Danimarka Kral Hərbi Dəniz Qüvvələri köhnə “Harpoon” gəmi əleyhinə raketləri əvəz etmək üçün Norveçin Kongsberg şirkətinin istehsal etdiyi Naval Strike Missile (NSM) raketini seçib.
Herbiand.az bildirir ki, bu barədə Avropa İttifaqının beynəlxalq tenderlərin elanları üçün elektron platformasında yerləşdirilən məlumatda deyilib.
Rəsmi sənədlərə görə, potensial sövdələşmənin dəyəri 900 milyon ilə 1,5 milyard Danimarka kronu (127 milyon ilə 211 milyon dollar) arası ola bilər. Lakin alınması planlaşdırılan sursatın miqdarı təhlükəsizlik baxımından açıqlanmır.
Danimarka Müdafiə Nazirliyinin tədarük və logistika departamentinin nümayəndəsi izah edib ki, “Norveçlə gələcək müqavilə “Harpoon” raketlərinin Ukraynaya təhvil verilməsindən sonra gəmi əleyhinə raketlərin çatışmazlığını kompensasiya etmək üçün nəzərdə tutulub”.
NSM raketləri ilk olaraq “Iver Huitfeldt” sinifli 3 freqatın arsenalına daxil ediləcək. Danimarka bu raketlərin 14-cü müştərisi olacaq. Əvvəllər belə bir seçim Norveç, Polşa, Malayziya, Almaniya, ABŞ (həm Hərbi Dəniz Qüvvələri, həm də Dəniz Piyadaları Korpusu üçün), Rumıniya, Kanada, Avstraliya, İspaniya, Böyük Britaniya, Niderland, Belçika və Latviya tərəfindən edilib.
NSM orta mənzilli gəmi əleyhinə raket 250 km-ə qədər məsafədə həm suda, həm də quru hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Alçaqdan uçan 400 kq-lıq raket (döyüş başlığı - 120 kq) mənzərəni izləməyə qadirdir və onu hədəfə çatdırmaq üçün passiv sistemlərdən istifadə edir. Tərtibatçıların fikrincə, qabaqcıl materialların istifadəsi ilə birlikdə bu, hava hücumundan müdafiə sistemlərinin NSM-i aşkarlamasını çətinləşdirir.
Bəxtiyar CƏFƏRLİ