EN

Səudiyyədə ABŞ-Rusiya danışıqları gedir - VİDEO

Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtında rəsmi danışıqlara başlayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, danışıqlarda Rusiya tərəfini Rusiya Xarici İşlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. ABŞ komandasına Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi elçi Stiv Vitkoff daxildir.

İlk təmaslar Ər-Riyadda baş tutub. “CNN” xəbər verir ki, danışıqlarda hələlik heç bir nəticə yoxdur. Telekanalın müxbiri Rusiya nümayəndə heyətinin üzvü – Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevlə danışıb. Onun sözlərinə görə, danışıqların əsas raundu hələ başlamayıb, lakin o, Amerika nümayəndə heyətinin üzvləri ilə danışa bilib. Dmitriyev qeyd edib ki, hələlik heç bir qərar yoxdur, əsas mesaj əlaqələri davam etdirməkdir.

Kremldən bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin bərpası, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mümkün danışıqların hazırlanması, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüşün təşkili müzakirə olunacaq. Rusiya nümayəndə heyəti Moskvada danışıqların yekunlarına dair hesabat təqdim edəcək.

“AzPolitika.info”


Chosen
17
azpolitika.info

1Sources